Elmar Baxşıyev: “Hər şey özümüzdən asılıdır”
13.04.2025 - 19:40
Elmar Baxşıyev: “Hər şey özümüzdən asılıdır”

Misli Premyer Liqasının XXX turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq".

- Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?
- Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.

- Qarşıda "Turan Tovuz" və "Qarabağ"la oyunlar var. Komandada gərginlik var?
- Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olasan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.

- Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?
- Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

- "Kəpəz" ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?
- Mən o fikirdə deyiləm. "Kəpəz" qış fasiləsindən sonra iddialı komandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.