Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"
26.09.2024 - 00:41
Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"

"Hava şəraitinin isti, meydançanın bizim üçün yeni olması öz təsirini göstərdi. Lakin istər-istəməz 10-15 dəqiqə sonra öyrəşdik".

Bu sözləri "İmişli"nin futbolçusu Elnur Cəfərov apasport.az saytına açıqlamasında deyib.

O, "Cəbrayıl"la matç barədə fikirlərini bölüşüb: "Cəbrayıl" I Liqaya yeni qoşulub. Onlara qarşı ilk oyunumuzu keçirdik. Gənclərdən qurulmuş yaxşı komandadır. Əlimizə düşən fürsətlərdən yararlanmağı bacardıq. Kollektiv futbol oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı olacağıq. Startda təzyiqlə başlasaq da, sonradan üstünlük rəqibə keçdi. Meydana öyrəşdikdən sonra tempə düşdük və istədiyimiz nəticəni əldə etdik".

Cəfərov I Liqa ilə Premyer Liqanı müqayisə edib: "I Liqa ilə Premyer Liqa arasında fərq yüksəkdir. Lakin burda çox istedadlı gənclər var ki, Azərbaycan futboluna böyük xeyir verə bilərlər. Sadəcə yüksək elita klublarının gəlib onları izləməsi lazımdır. Bizim komandamızda da Premyer Liqa görmüş futbolçular var. Onların təcrübəsi bizə kömək edəcək. Heyətimiz yeni qurulub. Buna görə bizə zaman lazımdır. Adaptasiya müddətini bitirdikdən sonra çox daha güclü olacağıq". 

Yarımmüdafiəçi Azərbaycan çempionatının hazırkı səviyyəsini dəyərləndirib: "Xəzər Lənkəran"da çıxış etdiyim zamanlarda ölkə çempionatı çox daha maraqlıydı. Komandalar arasında prinsip daha güclü idi. Rayon təmsilçilərinin sayı yüksək idi. "Bakı", "İnter" kimi komandalar turnirə rəng qatırdı. "Xəzər Lənkəran" - "Neftçi" derbiləri isə tamamilə fərqli keçirdi. Həmin oyun olan günlər yaşanan hislər, ab-hava çox fərqli idi".

Futbolçu "İmişli"də özünü xoşbəxt hiss etdiyini söyləyib: "İmişli ilə 1 illik müqaviləm var. Canla-başla sözləşməmin sonuna qədər burdayam. Mövsümün əvvəlində bir neçə klubdan təklif aldım. Lakin komandamda xoşbəxtəm, özümü rahat hiss edirəm. Buranın ab-havasına öyrəşmişəm".

Qeyd edək ki, Elnur Cəfərov "Xəzər Lənkəran" və "Neftçi"nin şərəfini qoruyub.

İsmayıl Xeyrullayev

0