Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək”
30.03.2025 - 18:58
Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək”

Misli Premyer Liqasının XXVIII turunun "Kəpəz" - "Səbail" matçından (1:1) sonra qonaqların baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.

"Bilirdik ki, çətin olacaq. “Kəpəz” bizim birbaşa rəqibimizdir. Bəzi sözlər var ki, işlədə bilməyəcəm, üzrlü sayın, bu da təcrübəsizlikdən irəli gəlir. Bu gün bu xal bizə xeyir verəcək".

- Bir xala görə oynayırdınız? Sanki futbolçular aut atışlarını da gec yerinə yetirirdilər...
- Yox, sırf onun üçün gəlməmişdik. Bu gün onların yerində olmadan bu barədə danışmaq asan olar. Çünki ən sonda əziyyət çəkən futbolçulardır. Futbolçu yorulubsa, qərar verir ki, bir az gecikdirə bilər. Futbolun qanunudur. Amma Tovuza bir yox, üç xal üçün gəlmişdik. Şükür Allaha uduzmadıq. Ən azından bir xal qazandıq. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq.

- Şahin Diniyevin gedişindən sonra da bir oyuna müvəqqəti olaraq komandanı meydana çıxarmışdınız. Sizcə, elə o vaxtdan komanda sizdə olsaydı, vəziyyət fərqli olardı?
- Keçmiş artıq keçmişdə qaldı. Onu geri qaytara bilmərik. Rəhbərlik sağ olsun, o vaxtı 4 günlük periodda mənə şans verdilər. İndi də Cavid Hüseynovun gedişindən sonra yenə şans verdilər. Bu barədə rəhbərliyə təşəkkür edirəm. Çünki bu vəziyyətdə olan komandaya cavan məşqçi təyin etmək... Sağ olsunlar, dəstək oldular. Amma sırf sualınıza gəlsək, bəlkə daha betər olardı, bəlkə də daha yaxşı olardı.

- Komandanı psixoloji cəhətdən hazırlamaq çətin olmayacaq?
- Bu barədə çox şey işləyirik. Sırf onun üzərində işləyirik. Komanda aşağı-yuxarı Cavid müəllimin vaxtında da oynayırdı. Futbolçu uduzduqca, mental cəhətdən düşür. Məqsədimiz onları sırf bu yöndə hazırlamaqdır. Ümid edirəm ki, bu durumdan çıxacağıq.

- Cavid Hüseynov getdikdən sonra fikir mübadiləsi oldu? Çünki onunla yaxın dostsunuz...
- Bizim Cavidlə səmimiyyətimizə şübhə olmasın. Onunla ailəvi dostuq. Bugünkü gündə danışılacaq, normaldır. Mən Cavid Hüseynovdan qabaq da buradayadım, rəhbərlik dəstək oldu. Cavid müəllim burada oldu, daha yaxşı işlədik. Komandanın nəticə verib-verməməsi, Cavidin hansı şəkildə gedib-getməməsi dostluğumuza zərər gətirməz. İnsanlar danışacaq normaldır, heç bir insanın ağzını yummaq mümkün deyil. İnsanlar danışmalıdır, normaldır.