Elvin Məmmədov: “Rəhbərliyin dəstəyini hiss edirik”
11.04.2025 - 21:28
Elvin Məmmədov: “Rəhbərliyin dəstəyini hiss edirik”

Misli Premyer Liqasının XXX turunun "Səbail" - "Qarabağ" matçından (1:4) sonra ev sahiblərinin baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bir sıra açıqlamalar verib:

"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Qarabağ"ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr istəyirik".

- Futbolçu kimi demişdiz ki, Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya gedir. Orada qalıb işləyərsiz?
- Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə tanıdılar. Mənim üçün təcrübədir. Sonu bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambissiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam. 

- Ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?
- "Qarabağ"ın gücü bəllidir, onlarla oyuna maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacağdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı. 

- Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?
- Bəlkə bu da mənim təcrübəsizliyimizdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi baxımından və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var. 

- Şahin Diniyevdən sonra komandaya siz dəvət edildiz. Rəhbərlik sizi həmin vaxtı saxlasaydı, vəziyyət başqa cür olardı?
- Bu barədə böyük-böyük danışmaq istəmirəm. bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq lazımdır. Bunun da altından qalxmaq lazımdır. 

- Belə çətin vaxtda özünüzü necə motivasiya verirsiz?
- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubdan, rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. 

- "Kəpəz"lə xal fərqini əritməyi şansa, möcüzəyə bağlayırsız?
- Futbolda hər şey mümkündür. 

- Cavid Hüseynov demişdi ki, rəhbərlik komandanın yanında deyil, komanda yiyəsizdir. İndi rəhbərlik komandanın yanındadır?
- Hər kəsin fikrinə hörmətim var. Cavid o sözləri deyibsə, hər kəsin öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Özünə uyğun yanaşması var. Amma Cavidin yerinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Rəhbərliyin dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.