Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq
01.12.2025 - 13:18
Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq

Son günlər Türkiyənin məşhur idman şərhçisi Ertem Şenerin Azərbaycana səfəri ilə bağlı mətbuatda bəzi məlumatlar yayılıb.

Apasport.az xəbər verir ki, sosial şəbəkələrdə Ertem Şenerin “Qarabağ”ın səfərdə "Napoli" ilə oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) müraciət etdiyi və bu təklifin kanal tərəfindən qəbul edilmədiyi bildirilib.

Saytımıza verilən məlumata görə, bu mövzuda Ertem Şener tərəfindən İTV-yə müraciət olunmayıb. Belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır. Bir müddət əvvəl şərhçinin məhz hansı oyunları "Sport TV"də şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılıb və həmin oyunlar arasında "Qarabağ"ın ÇL matçı nəzərdə tutulmayıb.

Buna baxmayaraq, təmsilçimiz "Qarabağ"ın 10 dekabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda "Ayaks"la oynayacağı matçda Ertem Şenerin mikrofon başında olacağı bildirilib. Əldə etdiyimiz məlumata görə, artıq bununla bağlı TVNET tərəfindən CBC Sport telekanalıyla ortaq şərhçi razılaşması əldə olunub. Danışıqlar müsbət nəticələnərsə, "Qarabağ" - "Ayaks" oyunu həm CBC Sport, həm SPORT TV vasitəsilə ortaq yayımlanacaq və şərhçilərdən biri də Ertem Şener olacaq.

Xatırladaq ki, Ertem Şenerin Azərbaycanda geniş izləyici kütləsinə malik olması nəzərə alınaraq, SPORT TV kanalı “Qarabağ”–“Çelsi” oyunu ərəfəsində onu Bakıya dəvət edib. Səfər çərçivəsində o, CBC Sport-un təşəbbüsü ilə “Qarabağ”ın oyununda şərhçi kimi də çıxış edib.

Qeyd edək ki, Ertem Şener mövsümün sonunadək Avrokubok qarşılaşmalarını SPORT TV kanalında şərh edəcək.