
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında çıxış edib.
Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
"İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynadılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır. Şahin Şahniyarov da yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilərik. Buna görə üçlü müdafiə sisteminə keçdik. İki hücumçu ilə oynayırdıq. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün çıxış edənlərin hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik".
- Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti nə vaxt tükənəcək?
- Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.
- Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla görüşdəki kimi səhv etmişdi. Növbəti matçda ona start heyətində şans verəcəksiniz?
- Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın.
- Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Qismət Alıyevi niyə milliyə cəlb etməmisiniz?
- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram. Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiniz, o oyunçu niyə oynamır, indidə deyirsiniz başqası niyə oynamır?
- Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.
- Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə doğru atılmış addımdır. Bu işə köklənmişik.
- Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiz ki, azarkeşlər sakitləşsin?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3+1 illik müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura 1 və ya 2 illik təklif olsaydı, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil.Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanııram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.
- Bu matçlar göstərdi ki, Haiti və Belarusla eyni səviyyədədir. Rusiya Zambiya və Bruney milliləri ilə, böyük hesablarla qarşılaşır... Qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiz?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblər oynayacağıq ki, inkişaf edək.