Filipo Kandido: “İkinci hissədəki oyunumuzdan razı deyiləm”
10.10.2026 - 23:35
Filipo Kandido: “İkinci hissədəki oyunumuzdan razı deyiləm”

Misli Premyer Liqasının VII turunda "Sumqayıt" "Qəbələ"ni məğlub edib - 4:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Filipo Kandidonun mətbuat konfransı keçirilib.

"Hesab bu gün qələbəyə tam layiq olduğumuzu açıq şəkildə göstərir. Hücumda qol imkanları yaratdıq və erkən qollar vurduq. Hesabda 2:0 önə keçdikdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək üçüncü qolu vurduq. İlk hissədə oyuna tam nəzarət etdik və fasiləyə 3:1 hesablı üstünlüklə yollandıq. Açığı, ikinci hissədəki oyunumuzdan tam razı deyiləm. Komanda uzun müddətdir qələbə qazana bilmirdi. Buna görə də futbolçular üstünlüyü qorumaq məqsədilə istər-istəməz müdafiəyə daha çox diqqət yetirməyə başladılar. Bu da oyun planımıza müəyyən qədər təsir etdi. Buna baxmayaraq, dördüncü qolu vurduq və matçı inamlı qələbə ilə başa vurduq".

- Portuqaliya millisinin ardıcıl dörd qələbə qazandığını nəzərə alsaq, vətəninizdə Kriştianu Ronaldo ətrafında gedən müzakirələr barədə nə düşünürsünüz? Həmçinin daha əvvəl əvəzedici heyətə göndərilən Nihad Əhmədzadənin bu gün meydana çıxmasının səbəbi nə idi?

- Ronaldo ilə bağlı vəziyyət hazırda Portuqaliya mətbuatında ən çox müzakirə olunan mövzudur. Lakin bu, mənə ünvanlanmalı sual deyil. Əsas odur ki, millimiz Ronaldosuz da dörd qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridir, amma futbolda hər şey baş verə bilər. Nihad Əhmədzadəyə gəlincə, onun ikinci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, adi təcrübədir. Gənc futbolçular oyun praktikası qazanmaları və formalarını bərpa etmələri üçün ikinci komandaya göndərilirlər. Bu gün Nihad əsas heyətə qayıtdı və oynamaq şansı qazandı.