“Formula-1”: Azərbaycan Qran-prisi həvəskarlarına xoş xəbər
17.05.2022 - 11:06
“Formula-1”: Azərbaycan Qran-prisi həvəskarlarına xoş xəbər

Avtoqraf sessiyası və “Pit” zolağında gəzinti yenidən Bakı yarışında!

“Formula-1” azarkeşlərinin səbrsizliklə gözlədiyi avtoqraf sessiyası iki illik  fasilədən sonra Azərbaycan Qran-prisinə qayıdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən apasport.az saytına verilən məlumata görə, avtoidman həvəskarları yarış həftəsi, şənbə günü dünyaca məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar. 

11 iyun tarixində bütün bilet sahibləri “Formula-1” şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.

“Formula-1”in üçüncü sərbəst yürüşündən öncə nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.

Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur.

Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri “Pit” zolağında gəzə  biləcəklər. “Pit” zolağı gəzintisi 9 iyun tarixində nəzərdə tutulub. 

Qeyd edək ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzə biləcəklər.
 

0