
“Mingəçevir”in baş məşqçisi Füzuli Məmmədov apasport.az saytına müsahibə verib.
- Nəhayət ki, qələbə qazandız. “Baku Sporting” üzərində qalibiyyəti necə şərh edərdiz?
- Oyuna çox ciddi hazırlaşmışdıq. Güclü komandaya qarşı mübarizə aparırdıq. Bu kollektiv uzun müddətdir ki, bir yerdədir. Heyətlərində çox güclü futbolçular var. Məşqçilər korpusu çox yaxşı təşkil olunub. Özünüz də gördünüz ki, çətin matç oldu. Amma rəqibi əvvəlcədən analiz etmişdik. Hansı zonalar təhlükəlidirsə, həmin yerləri bağlamağa çalışırdıq. Bugünkü oyunda əziyyətimizin bəhrəsi olaraq qalib gəlməyi bacardıq. Meydanda vuruşan futbolçular əzmkarlıq göstərdilər. İlk öncə komandama təşəkkür edirəm. Bu gün meydanda əzmkar, qələbə qazanmağa layiq heyət gördüm. Buna görə də hər birinə təşəkkür edirəm.
- Matçın gedişində “Difai” – “Qaradağ Lökbatan” oyununun (2:1) hesabına baxırdız?
- Xeyr. Sadəcə öz oyunumuza baxırdıq. Yalnız görüş bitəndən sonra eşitdik ki, “Difai” hesabda önə çıxıb. Biz həmin komandanı düşünmürük, öz matçlarımıza baxırıq.
- Tilsimi qıra bildiz. İndi komandada ab-hava necədir?
- Çox təəssüf edirəm ki, bu gün bir futbolçumuz - Raul Məmmədov zədələndi. Bizim üçün önəmli bir oyunçudur. Düşünürəm ki, zədəsi ciddi deyil. Komandamız oyundan-oyuna daha yaxşı çıxış etməyə başlayıb. Qələbə bizə lazım idi və bunu bacardıq. Fikrimcə, bu günkü nəticədən sonra kollektivdə qələbə hissi dirçəldi. Həm taktiki cəhətdən irəliləyiş var, həm də futbolçular mənim nə istədiyimi daha yaxşı başa düşürlər.
- Matçboyu çox emosional idiz. Qoldan sonra sanki daha da emosionallaşdız…
- Tək mən yox, məşqçilər, futbolçular, bütün kollektiv bu anı gözləyirdi. Bu gün nəhayət ki, qələbə qazanmaq istəyirdik. Qol vurulanda məşqçilərimiz futbolçuların yanına qaçdılar. Mən ehtiyat oyunçular skamyasının yanında dayandım. Amma hər zaman ürəyim komandamın yanındadır.
- Sonuncu pillədə olan komandanın baş məşqçi postuna gəldiz. Fasilədə istədiyiniz futbolçuları heyətinizə qata bildiz?
- Bəli, istədiyimiz oyunçular oldu. “Qəbələ”dən Mehrac Baxşalını, “Səbail”dən Gülağa Əsədovu heyətimizə qatdıq. Bu işdə bizə dəstəyini əsirgəməyən yoldaşlar oldu. Əlbəttə, əlavə olaraq bir neçə transfer də etmək istəyirdik. Lakin həmin oyunçuların çıxış etdikləri klublarla müqavilələri var idi. Bu məsələyə görə həmin futbolçuların keçidləri alınmadı.
- Hazırda danışıqlar apardığınız klubsuz oyunçular var?
- Bəli, danışıqlar apardığımız oyunçular var. 10 gün sonra yeni bir oyunçunun komandamıza keçidi reallaşacaq.
- Mingəçevirdə işlər necədir? İnfrastrukturla bağlı hansı yeniliklər var?
- Bəli, hazırda Mingəçevir şəhər stadionunda işlər gedir. Süni məşq meydançamız yekunlaşmaq üzrədir. Əsas meydançada görülməli olan işlər var. Bütün bu proseslər mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, bu gün I Liqanın XV turunda “Mingəçevir” “Baku Sporting”i məğlub edib – 1:0.