İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
06.02.2025 - 11:46
İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb

Azərbaycanın iki idmançısı tarixdə ilk dəfə dünyanın 100 ən güclü badmintonçusu sırasında yer alıb.

Apasport.az xəbər verir ki, bu barədə a Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Siyahını Dünya Badminton Federasiyası (BWF) açıqlayıb.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan gənc idmançı Ülvi Hüseynov reytinqdə 63-cü pilləyə yüksəlib. O, son olaraq İran İslam Respublikasında və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşməklə reytinq xalını 4050-yə çatdırıb.

Digər gənc təmsilçimiz Həcər Nuriyeva isə 2023 və 2024-cü illərdə Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilən beynəlxalq yarışlarda medalçılar sırasında yer almaqla 21 pillə irəliləyərək 47-ci olub. Sonuncu dəfə isə 2025-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Qeyd edək ki, Ülvi Hüseynov 2023-cü ildən etibarən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı mütəmadi olaraq Malayziyanın müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edərək peşəkarlıq səviyyəsini artırır.

Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biridir.

0