"Kapitan" gəmini tərk edir? - "Neftçi"də Emin Mahmudov məsələsi
14.04.2025 - 16:56
"Kapitan" gəmini tərk edir? - "Neftçi"də Emin Mahmudov məsələsi

“Neftçi”də ciddi ayrılıq yaşana bilər.

Komandanın yarımmüdafiəçisi Emin Mahmudovun durumu yenidən qeyri-müəyyənliyə qərq olub. Onun klubla müqaviləsi yayda başa çatacaq.

Apasport.az saytına verilən məlumata görə, tərəflər yaxın müddətdə danışıqlar prosesinə start verəcəklər.

Emin Mahmudov "Neftçi"də qalacaq?

Baş məşqçi Samir Abasov futbolçunun heyətdə qalmasının tərəfdarıdır. 

Mahmudovun özü də “ağ-qaralar”ı tərk etmək istəmir.

Emin Mahmudov yayda "Neftçi"ni tərk edir?

Lakin yekun qərarı klub rəhbərliyi verəcək. Klub rəsmiləri Eminin tez-tez zədələnməsi səbəbindən əvvəlki performansını ortaya qoya bilmədiyini düşünürlər.

Rəhbərlik üçün ciddi problemlərdən biri də onun maaşının yüksək olmasıdır. Futbolçu klubda qalacağı təqdirdə məvacibinin azaldılmasına razılıq verməli olacaq.

Mahmudov mövsümün sonunu uğurlu keçirərsə, daha 1 il “Neftçi”də çıxış edə bilər.

Mahmudov hansı klublarda çıxış edib?

Yarımmüdafiəçi 2017-ci ilin sentyabrından Bakı təmsilçisinin şərəfini qoruyur. O, 2021-ci ildə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

Emin karyerası ərzində "Spartak" (Moskva, Rusiya), "Samara" (Rusiya), "Mordoviya" (Rusiya) və "Boavişta" kimi komandalarda çıxış edib.