Orxan Əliyev: "Uduzsaq, yenə söz-söhbət olacaq"
25.03.2025 - 16:54
Orxan Əliyev: "Uduzsaq, yenə söz-söhbət olacaq"

“Turan Tovuz”un hücumçusu Orxan Əliyev apasport.az saytına müsahibə verib.

- “Turan Tovuz"un məşqləri necə keçir? Fasilədən necə istifadə edirsiz? 
- Bəli, hər şey yaxşıdır. Ümumi götürəndə məşq prosesimiz yaxşı alınır. Fasilədən səmərəli istifadə etməyə çalışırıq. Mövsümün qalan hissəsinə hazırlaşırıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- Yəqin ki, Azərbaycan milli komandasının oyunlarına baxırsız. Yığma Haitiyə uduzdu, bu gün isə Belarusla görüş olacaq. Bunlar barədə nə düşünürsən?
- Təbii ki, millimizin oyunlarına baxırıq. Əlbəttə ki, milli komandamız uduzanda pis oluruq. Amma futboldur da, bəzən belə də olur. Sadəcə ruhdan düşmək lazım deyil. Çıxıb xarakter göstərib, udmaq lazımdır. Onsuz da, uduzsaq yenə də söz-söhbətlər olacaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Milli komandamıza uğurlar arzulayıram.

- “Turan Tovuz” hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşıb. Bu nəticə sizi razı salır, yoxsa daha üst pillələrdə olmağı planlaşdırırdız?
- Çox xalı heçnədən itirmişik. Bu isə öz səhvlərimizə görə olmuşdu. Əlbəttə ki, daha da yuxarı pillələrdə olmaq istəyirdik. Onun üçün də çalışırıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Mövsümün qalan hissəsi qarşıdadır. 

- Qarşıdakı turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu barədə nə düşünürsən? Səncə, "Qarabağ"ı evdə məğlub edə biləcəksiz?
- “Qarabağ”ın yaxşı komanda olduğunu hamımız anlayırıq, başa düşürük. Üstəlik, ağır oyun olacağını da yaxşı bilirik. Amma bütün bunlara baxmayaraq, biz meydana qələbə üçün meydana çıxacağıq. Hər şeyi edəcəyik ki, uğurlu nəticə qazanaq. Çünki evimizdə oynayırıq. Azarkeşləri sevindirmək lazımdır. 

- Bu sezon "Turan Tovuz" "Qarabağ"a uduzmayıb. Səncə, nəyə görə "Qarabağ" sizi məğlub edə bilmir? 
- Biz oyunlara yaxşı hazırlaşırıq. “Qarabağ”a qarş həmişə hazır olmaq lazımdır. Xarakter göstərməsən, heç nə alınmayacaq. Bunu da çox yaxşı başa düşürük. Bu dəfəki görüşdə də ən yaxşısına çalışacağıq.

- Necə düşünürsən, mövsümün sonunda avrokuboklara vəsiqə qazana biləcəksiz?
- Təbii ki, biz mübarizənin içindəyik. Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq, sona qədər də bunu davam etdirəcəyik. İstəyirik ki, avrokuboklara yollanaq. İnanıram ki, hər şey istədiyimiz kimi alınacaq. Çünki bizim yaxşı komandamız var.