Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
18.10.2024 - 15:15
Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"

Azərbaycan Premyer Liqasında indiyə qədər çıxış edən 4 polşalı qolkiperdən biri olan Lukaş Sapela apasport.az saytına açıqlama verib. 

Sapela Premyer Liqamızdakı 5-ci polşalı qolkiper Mateuş Koxalski haqda danışıb.

O, "Qarabağ"ın yeni transferi barədə bunları deyib:

"Koxalskinin yüksək səviyyəli qolkiper olduğunu deyə bilərəm. O, ötən mövsüm "Stal"ın heyətində nəyə qadir olduğunu göstərdi. Həqiqətən də, möhtəşəm mövsüm keçirdi, Polşa liqasında ən yaxşı qolkiper də seçilmişdi. Təbii ki, onun xidmətində bir çox klublar maraqlı idi. "Qarabağ"a keçidinə, Azərbaycana yollanmasına görə sevindim. Əminəm ki, özünü "Qarabağ"da çox yaxşı tərəfdən göstərəcək. İndi yenidir, adaptasiyası üçün vaxt lazımdır. Bu dövr keçdikdən sonra Koxalski əla performans nümayiş etdirəcək. Buna çox inanıram. "Qarabağ" daim avrokuboklarda oynayan, Azərbaycanın da dominant klubudur. Avrokuboklarda qapıçıya daha çox iş düşə bilər. Fikrimcə, Koxalski zamanla "Qarabağ"da daha əla performans göstərəcək"

Qeyd edək ki, Sapela “QKS Belçatov”, “Rəvan”(Bakı), “Olimpiya”(Qrudjay), “Miedz”(Leqniça) klublarının qapısını qoruyub. Hazırda isə o, “Resovia” klubunun qapıçı məşqçisidir.

0