"Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik".
Apasport.az xəbər verir ki, bu sözləri “qırmızı-qaralar”ın yeni transferi İsmaeel Akinade klubun rəsmi saytına açıqlamasında deyib.
Futbolçu hələ şəhəri tam tanımağa vaxt tapmadığını bildirib: “Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Komandaya kömək etmək istəyirəm”.
Akinade “Qəbələ”yə gəlməmişdən Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmayıb: “Qəbələ”dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamışam. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bunu səbirsizliklə gözləyirəm. Komandaya qoşulacağım üçün həyəcanlı idim. Bilirəm ki, “Qəbələ” böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram. Azərbaycan futbolu haqqında çox az məlumatım var idi. Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə “Qəbələ”nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir”.
Nigeriyalı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyinə söz verib:“Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur, fərdi oyun deyil. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir. Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Lakin bəzən bu olmaya bilər, məhsuldar ötürmə və müdafiəyə kömək etmək də vacibdir. Bunlarla da komandaya köməyin dəyir. Azarkeşlərə söz verərkən diqqətli olmaq lazımdır. Futboldur, burda hər şey baş verə bilər. Buna görə söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacam. Qalan hər şey Tanrının əlindədir. Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Məşq meydançasında hamı əlindən gələni edir. Futbolçular, məşqçilər, eləcə də inzibati heyət - hər kəs klub üçün çalışır. Ümid edirəm ki azarkeşlər hər oyuna gələrək, bizə dəstək olacaqlar. Onların dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq”.
Akinade Qəbələnin havasına uyğunlaşdığını bildirib: “Mən İrlandiyada, Dublində böyümüşəm. Qəbələ və İrlandiyada hava demək olar ki, eynidir. Bu havaya öyrəşmişəm. Yağış, soyuq – bəlkə də darıxdırıcı görünür, ancaq bu cür hava da normaldır”.
Qeyd edək ki, “Qəbələ” İsmaeel Akinade ilə 1,5 illik müqavilə bağlayıb.