Qəzənfər Abbasov: "Qələbələrimizin davamlı olmasını arzu edirəm"
18.10.2024 - 18:15
Qəzənfər Abbasov: "Qələbələrimizin davamlı olmasını arzu edirəm"

“Cəbrayıl” heyətinin fiziki durumuna görə çempionatdakı ən yaxşı komandalardan biridir. Onlar 90 dəqiqə pressinq edən, kəsərli hücumlara çıxa bilən kollektivə malikdirlər”.

Bu sözləri apasport.az saytına açıqlamasında Qəzənfər Abbasov deyib.

MOİK-in baş məşqçisi “Cəbrayıl”la qarşılaşmanı dəyərləndirib: “Ağır matç oldu. Görüşün belə keçəcəyini öncədən bilirdik. Sürətli əks-hücumlara çıxan, rəqiblərini daim təzyiq altında saxlayan komandaya qarşı oynayırdıq. I Liqada bunu bacaran 3-4 komanda var. Bizsə, indiyə qədər keçirdiyimiz 4 matçda da xal itirmişdik – aktivimizdə 2 heç-heçə, 2 məğlubiyyətimiz var idi. Səhvlərimizi nəzərdən keçirib, onların üzərində çalışdıq. Ötən görüşlərin yalnız birində qol buraxmamışdıq. Bu səbəbdən ən önəmlisi odur ki, bu gün qapımızı toxunulmaz saxladıq. Müdafiədəki səhvlərimizi düzəltmişik. Müəyyən xırda səhvlər qalıb, onları da zamanla yoluna qoyacağıq. İki komanda meydanda bərabər mübarizə apardı. Deməzdim ki, oyun bizim və ya rəqibin üstünlüyü ilə keçdi. “Cəbrayıl” qol imkanlarından istifadə edə bilmədi. Biz isə bunlardan birindən yararlanmağı bacardıq. Hava şəraiti hər iki tərəfə təsir etdi. Külək meydançada rahat oynamağa mane olurdu. Buna baxmayaraq qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Kompakt müdafiə olundular. İstədiklərimizi meydanda gördük. Növbəti matçlarda müdafiədən hücuma keçidlərin üzərində çalışacağıq. Qələbələrimizin davamlı olmasını arzu edirəm. Bu gün hər kəs əlindən gələni etdi”.

Qeyd edək ki, I Liqanın V turunun “Cəbrayıl” – MOİK matçı qonaqların minimalhesablı qələbəsi ilə nəticələnib – 1:0.

İsmayıl Xeyrullayev
 

0