Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə
17.10.2024 - 17:33
Qismət Alıyev: "Çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq" - Müsahibə

Azərbaycan milli komandasının müdafiəçisi, "Zirə"nin kapitanı Qismət Alıyev apasport.az saytına müsahibə verib.

- Yəqin ki, artıq "Zirə"nin düşərgəsinə qoşulmusan. Milli komandadakı son iki görüşdəki uğursuzluqdan sonra əhvalın necədir?
- Bəli, artıq "Zirə"nin düşərgəsinə qoşulmuşam. Hər şey öz qaydasındadır. Millinin heyətində hər iki görüşü məğlub olduğumuz üçün təbii ki, üzgünük. İstəyərdik ki, Estoniya və Slovakiya ilə görüşlərdə qalib gələrək xalqımızı sevindirək. Təəssüf ki, olmadı.

- Necə düşünürsən, Estoniya və Slovakiyaya uduzmağımızın səbəbi nədir? Halbuki, milli 2 oyunda da o qədər də pis oynamadı. Səncə, uğursuz nəticələrdə səbəb nə idi, şanssızlıq, yoxsa...
- Tallindəki matçda Estoniya ilə oyuna yaxşı başlamışdıq. İlk dəqiqələrdən yaxşı hücumlarımız oldu. Amma son nöqtəni qoymaqda çətinlik çəkdik. İkinci matçımız Slovakiyaya qarşı idi. Rəqibin heyətində çox yaxşı futbolçuların olduğunu bilirdik. Hər an da oyunu dəyişə biləcək usta futbolçuları var. Bizə xal lazım idi. Qapımızda qol görsək də, toparlandıq və hesabı bərabərləşdirdik. İkinci hissəyə yaxşı başladıq, ikinci qolu vuraraq hesabda önə keçə bilərdik. Amma alınmadı. Meydanda 10 nəfərlə qaldıqdam sonra istər-istəməz Slovakiya kimi güclü komandaya qarşı çətin olur.

- Millimizi qarşıda 2 oyun gözləyir və D liqasına düşməmək üçün də uğur qazanmağa ehtiyac olacaq. Necə düşünürsən, Estoniya və İsveçlə görüşlərdə qələbə qazanmağımız mümkündür?
- Bəli, dediyiniz kimi qarşıda bizi iki vacib görüş gözləyir. Həmin oyunların əhəmiyyətini çox yaxşı başa düşürük. Biz də çalışacağıq ki, hər iki matçdan maksimum nəticə ilə ayrılaq. Gücümüzə inanıram. Allah qoysa, istədiyimiz nəticələri əldə edərik.

- Maraqlıdır, Fernandu Santuşla işləməyin hansısa çətinliyi var?
- Xeyr. Heç bir çətinlik olduğunu düşünmürəm. Fernandu Santuş öz bildiklərini bizə öyrətməyə çalışır. Bilirik ki, böyük təcrübəyə malik məşqçidir. Onun dediklərini yerinə yetirməyə çalışırıq.

- Əksəriyyət deyir ki, bu milli tarixin ən istedadlı uşaqlarının toplaşdığı yığmadır. Amma bəzi futbol veteranları razılaşmır. Səncə, bu milli ilə uğurlar qazanmaq mümkündür?
- İndiki millidə, həqiqətən də, çox istedadlı futbolçular var. Bu suala cavab verməyim düzgün olmazdı. Bunu anacaq məşqçilərimiz, futbol veteranları, futbol adamları daha dəqiq bilər.  

- Qarşıda "Zirə"ni "Sabah"a qarşı çətin oyun gözləyir. Necə düşünürsən, komanda bu matçda uğurlu nəticə qazanmağı bacaracaq? İlk dövrədə onları səfərdə inamla məğlub etmişdiniz. Həmin oyunu necə xatırlayırsan?
- Qarşıda bizi maraqlı və çətin oyun gözləyir. Komanda şəklində istəklə oyuna hazırlaşırıq. "Sabah" da hər zaman iddialı olub, yuxarı pillələr uğrunda oynayıblar. İlk görüşdə çempionatın əvvəli idi. Komandalar optimal formalarını yığmağa çalışırdılar. Çempionatın elə vaxtıdır ki, hər bir komandaya qarşı oynamaq ağırdır. 

- Son olaraq, bu yay avrokuboklarda uğurlu çıxışdan sonra "Zirə"dən gözləntilər yüksəkdir. Amma liqa da rəqabətli gedir. Səncə, "Zirə" ötən mövsümkü kimi ikinciliyi qazana biləcək, yoxsa rəqabət artıb deyə, ehtimal vermək çətindir?
- Ötən mövsüm Avropa Liqasına vəsiqə qazandıq. İlk görüşdə uduzaraq Konfrans Liqasının pley-off mərhələsinə qədər getdik. Bizim üçün təcrübə oldu. Fikrimcə, bu il keçən ilkindən də həm çətin, həm də maraqlı keçəcək. Hər bir komanda iddialıdır. İndidən nəsə demək düzgün olmaz. Qarşıda hələ uzun marafon var. Ən yaxşısını etməyə çalışacağıq ki, yenidən o turnirdə iştirak edək.

0