Qurban Qurbanov: "Ayaks"ın Bakıya gəlməsi, bizim üçün avantajdır"
23.10.2024 - 14:38
Qurban Qurbanov: "Ayaks"ın Bakıya gəlməsi, bizim üçün avantajdır"

Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” - “Ayaks” matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli baş məşqçi oyun barədə fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Bizim üçün çox vacib oyundur. Tanınmış, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. Bu komandaya baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. "Ayaks"ın Bakıya gəlməsi, bizim üçün avantajdır. Nəticədən asılı olmayaraq belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq. Hazırlaşmaq üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu bizim üçün çox vacib və çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlardan birini oynamağa çalışacağıq".

- Zədəlilərlə bağlı problem var?
- Marko Veşoviç, Mateus Silva bu oyun üçün yoxdurlar. Müalicə alırlar. 

- Futbolçuların "Ayaks"ın adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz?
- Əvvəllər də demişəm, bu cür klubların sırf Bakıya gəlməsi burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması, inkişafı üçün böyük təkandır. Bizim hətta azyaşlı futbolçularımız görəndə ki, bu cür böyük klublar Azərbaycana gəlir...Valideynləri görəndə də, bu, istər-istəməz futbola sevgini, inamı çoxalda bilər. Ona görə, bu cür fikir bildirirəm. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şey qalmayıb. Təcrübəmiz xeyli çoxdur. Böyük klublarla səfərdə, Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Biz əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqda, böyük məğlubiyyətlərdən çəkinməli deyilik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinmədən. Bunlar olduqda, inanıram ki, qarşıda daha da yaxşı kollektiv görə bilərik. Tez inkişaf edə bilərik. Çəkinəcək bir şey yoxdur. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz bu gün həm mübarizə aparacağıq onlara qarşı. Həm də onlardan bəzi şeyləri öyrənirik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah biz çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.

- Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması, nə qədər rahatdır?
- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq. Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə bütün oyunçuların sağlam olması çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük  oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlarda isə 3-4 gündən bir oyuna çıxırıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım. Milli dönəmində də 9-10 əsas oyunçular olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cürə yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla birlikdə hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Sağlam olması, düşüncələrimizi yerinə yetirmək üçün hazır olması, məni həmişə sevindirir. Buna görə, uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması, məni sevindiridi. Bundan razıyam.

- Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?
- Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Ola bilər ki, hələ əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər, bəlkə məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti  bəlkə də onlarda daim olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialı böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, qarşıda hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcəklər. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.

- Kaşukun hazırlıq durumu imkan verir ki, "Ayaks"a qarşı daha çox meydanda olsun?
- Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Onun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

- Raydel Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurbanov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsüz ki, legionerlərə qarşı tələbkarlıq onlarda mental olaraq diskomfort yaradır?
- Klubda ən məsuliyyətli şəxs mənəm. Mənim üçün hər bir futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir neçə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Söz vermişdi, aşağı salmaq üçün. Biz bəzən futbolçuların şikayətini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur... Amma müəyyən müddət keçəndən sonra onlar anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, il boyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Xüsusən də, cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmirlər. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. Bir-iki məğlubiyyət komandada inamsızlıq, güvənsizlik yaradır. Sizlər, azarkeşlər və bəlkə də rəhbərlik tərəfdən. Hamı qalib gəlmək istəyir. Bəzən futbolçularıma qarşı nə qədər sərt olsam da, onların dostuyam, həmişə yanındayam. İstənilən saatda onların yanında olmağa hazıram. Özümdən bunu tələb edirəm, sonra futbolçulardan. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Ən məsuliyyətli şəxs mənəm. Onları ən çox istəyən, uğurlar əldə etmək istəyən birinci şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir. Amma aysberqin görünməyən tərəfləri də var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Onların yaxşı olması üçün bəzən xoşları gəlməsə də, bunu tələb edəcəm.

- Püşk bəlli olanda, "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatçılığınız var?
- Fərqli formatdır. İlk iki oyunda fikir bildirmək olmaz. Elə formatdır ki,bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanasan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatçılığım yox deyil. Var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda 6 oyunumuz var. Keçən il pley-off mərhələsinə keçsək, 8 oyuna çıxırdıq. Bu mövsüm isə 8 matç minimum oyunumuzdur. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımızın sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-offa çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.

0