
"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda səfərdə "Turan Tovuz"u məğlub edib -1:4.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında qarşılaşmanı dəyərləndirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
Futbolçularımı təbrik edirəm. Bizim üçün ən gərgin, ən ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. 12 futbolçumuz milli komandalarda idi. Kevin Medina bizimlə cəmi iki məşq etmişdi. Çox vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Burada oynamaq çox xoş idi. Son tsiklə yaxşı başladıq.
- Oyunun keyfiyyəti sizi qane edirdi?
- Hələ yox. Ona çatmağa çox illər lazımdır. Ümumən futbolçularımdan razı qaldım.
- Bu gün "Turan Tovuz"un bazasının açılışında iştirak etməməyinizin səbəbi nə idi?
- Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi. Ona görə də bu addımı atdıq. Amma əvvəldən təklif olmuşdu.
- Qapı mövqeyində tez-tez rotasiyalar edirsiniz. Bu, onların performansına mənfi təsir edir?
- Yaxşıya doğru gedir. Gərək hər qapıçıya şərait yaradaq. Ən uyğun bu mövqeni çox da dəyişməməkdir. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər.
- Hakimliyin səviyyəsi oyuna uyğun idi?
- Bəzi epizodlarda narazılığım oldu. Ümumən hakim tempin düşməməsinə şərait yaradırdı.
- Fabiyan Buntiçə şans vermirsiz. Onunla yollar ayrılacaq?
- Qapıçı elə mövqedir ki, hər oyunçuya şans vermək olmur. Limitə görə bəzən Şahruddini oynadırıq. Qarşıdakı matçlarda Buntiçə də şans verəcəyik.
- Milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə problemi oldu. Sizin buna münasibətiniz necədir?
- İstəmərəm belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.
- Nəriman Axundzadənin adı "Molde" ilə hallanırdı. Kluba təklif gəlmişdi?
- Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.
- Elvin Cəfərquliyev millidə yenə qırmızı vərəqə aldı. Onun problemi nədir?
- Nə siz bilirsiz, nə mən bilirəm. İstəməyərək alınan vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli nəsə problem var. Daha diqqətli olmalıdır.
- Müqaviləsi başa çatan futbolçularla danışıqlara başlamısız?
- Yox, hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Çox diqqətli olmalıyıq. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.