“Qarabağ” “Ayaks”la qarşılaşmada aktivinə 3 xal yaza bilər”.
Apasport.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
O, hazırkı vəziyyətdə “Qarabağ”ın rəqibindən daha hazırlıqlı təsir bağışladığını vurğulayıb:
“Hazırkı vəziyyəti nəzərə alsaq, “Qarabağ” daha üstün görünür. Komanda inamlı çıxışı ilə seçilir. Fikrimcə, təmsilçimizin bu oyunda qələbə qazanması pley-off şanslarını bir qədər də artırmaq baxımından hava-su kimi vacibdir. Amma “Ayaks”ı da zəif hesab etmək olmaz. Böyük ada sahib klubdur və Niderlandın ən tanınmış komandalarından biridir”.
Sabiq hücumçu futbolda gözlənilməz nəticələrin mümkün olduğunu da xatırladıb: “Futbolda sensasiyalar həmişə baş verir. Ümid edirəm ki, bu gün belə bir hal yaşanmaz. Hazırda keçən illə müqayisədə fərqli situasiya yaranıb. Komandalar arasındakı səviyyə fərqi xeyli azalıb. Bu səbəbdən bu gün “Qarabağ”ın pley-off şansları yüksəkdir. Qarşıdakı “Ayntraxt” oyunu da vacibdir. Əgər həmin matçda da xal qazana bilsək, “Qarabağ” Azərbaycan futbolunun tarixinə adını yazdırmağa davam edəcək”.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də start götürəcək.