
Misli Premyer Liqasının XXVI turunda "Zirə" evdə "Səbail"i məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov 1:0 hesablı qələbəni belə şərh edib:
"Çox stressli, emosional oyun alındı. Cavid Hüseynovu təbrik edirəm, çox yaxşı işlər görür, yaxşı komanda formalaşdırır. Rəqibi analiz edəndə də müəyyən çətinliklər çəkirdik. Qış fasiləsindən sonra iddialı klublara uduzmamışdılar. Əzmkar komandadır. Çətin olacağını bilirdik. Erkən qol vurmaq istədik ki, oyun daha rahat keçsin. Ancaq cəhdlərimiz uğursuz alınırdı. İkinci hissədə də qol epizodlarımız oldu. Şükürlər olsun ki, qol vurub, qalib gəldik. Futbolçular ruhdan düşmürdü. Futbolçularımı təbrik edirəm".
- Bir oyunda çox qol epizodu yaratdız. Sizcə, niyə yalnız biri?
- Bu tip oyunarda nadir hallarda qalib gəlirsən. Qol vurmasaydıq da, oyunçularıma oyuna görə minnətdarlıq bildirəcəkdik. Üç dirəkdən top oldu. Son hücumda qol vurmaq dramatik alındı. Bu da futbolçularımızı bir az da böyütməlidir. Öümüz üçün nəticə çıxarmalıyıq ki, sona qədər nəticə çıxarmalıyıq. Əvvəlki matçlarda da son dəqiqə qol vurmuşuq. Amma bu başqa şey idi. Əslində, komandamızı böyütməlidir.
- Yeni transfer?
- Qimanı 4,5 ildir tanıyıram. "Zirə"yə yeni gələndə də danışıqlar aparırdıq. Daim əlaqədəydik. Ondan sonra Portuqaliyaya getdi, Polşada oynadı. Uğurlu karyerası yarandı. Yayda danışırdıq. Fürsət yarandı, onu gətirdik. Hazır deyil. 2 aydır klubsuzdur. Özünə gəlməsi ayyarım vaxt çəkəcək.
- Son saniyədə Məqsəd İsayevin cərimə meydançasına daxil olmasına göstəriş verdiz. Qolun gələcəyini hiss etdiz?
- Epizod elə idi ki, Məqsəd dönən toplara cavabdeh idi. Hakim də futbolçulara göstərdi ki, son hücumdur, kornerdən sonra matç bitəcək. Ona görə Məqsədə bildirdim ki, hakim işarə verib oyun bitir, cərimə meydançasına daxil ol. Uğurlu alındı. Qolu da futbolçularım vurub, pay sahibi onlardı.
- Son saniyədə gələn qol futbol tanrısının sizə hədiyyəsi idi?
- Allah birdir, təkdir. Futbol tanrısı var, basketbol tanrısı deyə, bir şey yoxdur. Allah sonda bizə kömək oldu. Onun köməyi olmadan uğur əldə edə bilmərik.
- Adətən qələbəni futbolçular qazanır, məğlubiyyət isə baş məşqçinin olur. Niyə?
- Vəziyyətə, duruma görə ola bilər ki, fikirlərimiz dəyişsin. Bir yerdə uduzub, bir yerdə qazanmışıq. 4,5 ildir buradayam, həmişə belə olub.