
Azərbaycanın U-21 yığma komandasının müdafiəçisi Rüfət Abbasov Apasport.az saytına açıqlama verib.
O, komandanın Şimali Makedoniya (0:0) və Moldova (2:0) ilə görüşdəki nəticələrdən söhbət açıb:
"Moldova ilə görüşdə qələbə qazandıq. Təbii ki, hər matçda ən yaxşısı üçün çalışdıq. Ondan sonra da Şimali Makedoniya görüşünə hazırlaşmışdıq. Çətin oyun alındı. Bu görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Əslində, qol şanslarımız da var idi. Qalib gəlmək də mümkün idi. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Amma müdafiədə etibarlı oynadıq. Ümumi toplanışımız da yaxşı keçdi. Təxminən 7-8 günlük toplanış oldu. Məncə, yaxşı alındı hər şey. Yeni baş məşqçimiz Ayxan Abbasovla ilk toplanışımız idi. Həm taktiki, həm də fiziki məşqlər keçirdik. Futbolçuların da meydanda bir-birini tanıması baxımından yaxşı toplanış olduğunu demək mümkündür".
Abbasov, U-21 yığma komandasının seçmə mərhələdəki şanslarından da bəhs edib: "İlk oyunumuz Portuqaliyaya qarşıdır, özü də səfərdə oynayacağıq. O vaxta kimi vaxtımız olacaq. Yaxşı hazırlaşacağıq və meydanda sona qədər vuruşacağıq. Dəqiq olan budur. Təqvim belə hazırlanıb. Ona görə də yaxşı və ya pis deməyim doğru olmaz. Bu cürdürsə, oynamaq lazımdır. Sona qədər mübarizə aparacağıq. Təkcə Portuqaliyaya qarşı deyil, bütün görüşlərdə ən yaxşı şəkildə mübarizə göstərəcəyik. Ümidvaram ki, hər şey yaxşı alınar".
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsində Portuqaliya, Bolqarıstan, Çexiya, Şotlandiya və Cəbəllütariqlə eyni qrupda yer alıb.