Sadiq Baqıyev: "Mənim əsas məqsədim millidə oynamaqdır" - Müsahibə
25.09.2024 - 13:18
Sadiq Baqıyev: "Mənim əsas məqsədim millidə oynamaqdır" - Müsahibə

Rusiya futbol məktəbinin yetirməsi, Birinci Liqada çıxış edən və Premyer Liqaya iddialı olan “SKA-Xabarovsk”un yeni transferi Sadiq Baqıyev apasport.az saytına müsahibə verib.

- “SKA-Xabarovks" klubuna transferin necə reallaşdı? Başqa təkliflərin var idi?
- Hər şey tez bir zamanda baş verdi. Hətta belə deyim də, “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış keçid reallaşdı. “SKA-Xabarovsk”dan təklif gəldi və mən də razılaşdım. Buna görə də şadam.

- Maraqlıdır, Azərbaycan klublarından təklif almışdın? Karyeranı Azərbaycan Premyer Liqasında davam etdirmək şansın var idi?
- Əvvəl olmuşdu. Sadəcə keçid baş tutmamışdı. Amma bu “transfer pəncərəsi” zamanı Azərbaycan klublarından təklif almamışdım. “SKA-Xabarovsk”dan təklif gəldi və mən də razılaşdım.

- "SKA-Xabarovsk"da əsas məqsəd və hədəfin nədən ibarətdir? Yəqin ki, Rusiya Premyer Liqasına yüksəlmək istəyirsən?
- Biz oyundan-oyuna irəliləmək istəyirik. Hər oyunda da qalib gəlmək niyyətindəyik. Necə alınacağını isə zaman göstərəcək. İndidən bir söz deyə bilmərəm. Təbii ki, “SKA-Xabarovsk” olaraq əsas məqsəd Premyer Liqaya yüksəlməkdir.

- Komanda yoldaşların arasında azərbaycanlı Kamran Əliyev də var. Ötən mövsümü “Sumqayıt”da oynamış forvard "SKA-Xabarovsk" haqda sənə hansısa məlumat verdi? Nələr dedi?
- Düzünü deyim, Kamranla şəxsi tanışlığım yox idi. Komandaya gələndən sonra onunla tanış olduq, söhbətləşdik. Komandada məni yaxşı qarşıladılar.

- Bir ara Azərbaycanın U-19 və U-20 yığmasına dəvət edilmişdin. Ancaq sonradan deyəsən gəlmək istəmədin. Rusiyada legioner hesab edilmək istəməməyinlə bağlı idi? Həmin vaxtı necə xatırlayırsan?
- Azərbaycan yığmasından imtina etməyim çox pis çıxır. Çünki belə deyil. Azərbaycan yığmasında oynamağı çox istəyirdim. Sadəcə olaraq, Azərbaycana köçmək lazım idi. Amma mən buna hazır deyildim. Ona görə də belə alındı.

- Yəqin ki, o vaxtı Azərbaycan yığmasından imtina etdiyinə görə, AFFA səni milli komandaya dəvət etməyəcək? Yoxsa, AFFA sənə U-21 və ya əsas millidə oynamaq üçün təklif göndərib? Özünü Azərbaycan millisində təsəvvür edirsən?
- Məni heç yerə dəvət etməyiblər. Düzünü deyim, mən özümü yalnız Azərbaycan millisində təsəvvür edirəm. Azərbaycanın U-21 yığmasında oynayacam, ya yox bunu bilmirəm. Yaşayaq, görərik, hər şeyi zaman göstərəcək. Açığı, Rusiyada yerli pasportla daha asandır. Amma istənilən halda, millidə oynamaq mənim əsas məqsədimdir. Ümid edirəm ki, bu reallaşacaq.

- Azərbaycan Premyer Liqasında hansı komandaya azarkeşlik edirsən? Hansı komandada oynamaq istəyərdin?
- Təbii ki, Azərbaycan Premyer Liqası ilə maraqlanıram, çempionatı izləyirəm. Bu mövsüm "Turan Tovuz"un uğurunu görmək istəyərdim. Ancaq belə, xüsusi olaraq, hansısa komandaya azarkeşlik etmirəm. Hər halda, Premyer Liqanın favoritinin "Qarabağ" olduğu aşkardır. Onlar daimi olaraq, avrokuboklarda iştirak edir, daim hegemonluq edir.

0