Şahin Diniyev: “Sabah”ın oturuşmuş heyəti var, “Neftçi”də isə...”
09.10.2026 - 15:16
Şahin Diniyev: “Sabah”ın oturuşmuş heyəti var, “Neftçi”də isə...”

“Düşünürəm ki, bizi maraqlı oyun gözləyir”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VII turunda keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşması ilə bağlı fikirlərini bölüşüb. O, hər iki komandanın hücum futboluna üstünlük verdiyini və heyətlərində kreativ oyunçuların çox olduğunu bildirib:

“Hər iki komanda hücum futboluna üstünlük verir. Onların ön xəttində kifayət qədər keyfiyyətli və kreativ futbolçular var. Oyun sistemlərində də oxşarlıqlar mövcuddur.

Sadəcə, “Sabah”ın artıq tam formalaşmış heyəti var və futbolçular arasında qarşılıqlı anlaşma yüksək səviyyədədir. “Neftçi”də isə hələ də sabit heyət formalaşmayıb. Uzun fasilədən sonra hər iki komanda oyun ritmi ilə bağlı müəyyən çətinliklərlə üzləşə bilər. Hər iki kollektivə uğurlar arzulayıram”.

Qeyd edək ki, “Neftçi” – “Sabah” qarşılaşması bu gün saat 19:30-da “Palms Sports Arena”da keçiriləcək.