Samir Abasov: "Böyük klubun böyük azarkeşi olar"
15.10.2024 - 22:21
Samir Abasov: "Böyük klubun böyük azarkeşi olar"

“Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam”.

Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis klubun "youtube" kanalına müsahibə verib.

“Klubun böyüklüyü haqda danışmaq artıqdır. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq, bura gələn məşqçinin qarşısında klubun hədəfləri yüksək olub. Gətirilən məşqçilərin uğurlu və ya uğursuz olması başqa mövzudur. Amma özümüz də bura gələndə bilirik, nəyə görə gəlmişik. Həm azarkeşi, həm klubda işləyən insanları onu göstərir ki, hədəflərə çatmaq üçün hər bir şey edilir. Ən pik hədəflərə çatmağa çalışacağıq. Bu klubun hədəfləri heç vaxt enməyib, daha da yüksəlib. Bu gün dəyişikliklərdən danışmaq tezdir. İki-üç oyun içində köklü dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandılar. Onlara da yeni məşqçi və ideyalara adaptasiya olmağa vaxt lazımdır. Vaxt deyəndə istəyirəm, düz yozulsun. Dəyişikliklər, əlbəttə ki, olacaq. İnanıram ki, yaxşı tərəfə olacaq. Dünənki məşqdən sonra mən çox yaxşı hisslərlə buranı tərk etdim. Çünki futbolçularda çox yüksək əvhal-ruhiyyə gördüm. İnşallah, inanıram ki, bu əhval-ruhiyyə ilə yanaşı, bizim dediklərimizi də tez qavrayacaqlar və ən yaxşısını meydanda göstərəcəklər. İşlədiyim hər bir yerdə futbolçulardan gözləntilərim yüksək olub. Həmişə çalışmışam ki, futbolçular həm qabaqlarına qoyduqları məqsədlərə çata bilsin, həm də oynadığı kluba xeyir versin. Bu, prioritet olaraq yenə məndə qalacaq. Oyunçular işə düzgün yanaşsalar, bu hədəfə tez bir zamanda çatacağıq. Ümumiyyətlə, “Neftçi” kimi klubda zamandan danışmaq yersiz olar. Çünki bugünkü məqsədimiz bacardığımız qədər tez bu durumdan çıxmaqdır. Böyük klubun böyük azarkeşi olar. Bu söz bizim azarkeşə yapışıb. Böyük azarkeş qrupu və ürəkləri klubla döyünən insanlarımız var. Bir baş məşqçi kimi yox, bir futbolçu kimi onlara səslənmək istəyirəm. Bizim çox yaxşı futbolçularımız var. Onlarla danışanda hər bir sözlərində sizlərə ehtiyacı olduqlarını görmək olar. Çox xahiş edirəm ki, dəstəyinizi onlardan əsirgəməyin. Bilirəm ki, siz də bunu istəyirsiniz, sizi çox yaxşı anlayıram. Amma dediyim ki, futbolçu kimi sizə səslənirəm ki, onlara dəstək olun, çünki çox yaxşı işləri bacaracaq futbolçulardırlar”.

0