Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”
10.03.2025 - 22:07
Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”

Misli Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan sonra (1:1) meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
- Rəqib azlıqda qalmamışdan qabaq da oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, bizim istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunur, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə eyni oynayanda, plan üzrə iş gedir.

- Komanda Premyer Liqada qeyri-stabil zolağı tərk edə bilmir. Artıq bütün diqqət kubokdadır?
- Onsuz da bura gələndə prioritet kimi çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq. 

- Ağadadaş Salyanskini "Kəpəz"lə matçdan sonra tənqid etmişdiz, amma bu gün də start heyətində idi...
- Belə düşünmürəm. Futbolçu ilə danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odur ki, o intervyudan sonra Ağadadaşın vəkilləri üzə çıxdı. Təki belə olsun. Keçən dəfə tənqid etdik, amma bu dəfə start heyətində meydana çıxmayacaq deməmişdik. Əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra da daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, əvəzedici heyətdən gələnlər, Murad kimi oyunçular başa düşməlidir ki, yerli baş məşqçinin burda olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı yaxşı dəyərləndirməlidir. Bu gün hücumçudursa, onu göstərməlidir. Məşqlərdə, oyunda bunu etməlidir. Tənqid edirik, irad bildiririk, bundan sonra da şans qazanacaq.

- "Qarabağ" Misli Premyer Liqasında üst səviyyədə komandadır. Amma hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"u da udacaq potensialda deyil?
- Baxırdız oyuna? Biri var epizoda girmək, bunun üzərində işləyirsən. Elə epizodlar olur ki, orda oyunçu qərar verməlidir. 11 və ya 10 nəfər, "Turan Tovuz"un oyun üslubu budur. 11 nəfərə qarşı da belə vəziyyət olacaqdı. 10 nəfərin qalmağını əlinizdə bayraq tutursuz. Oyuna baxanda, udmaq üçün hər şeyi etdik. Ondan artıq epizod yaratmağı istəyirsizsə, bunlar dərhal olası şeylər deyil. Həm mən ətraflı danışmalıyam. Həm də siz ətraflı baxmalısız.

- Dembo Darbonun zədəsi xronikidir? Kubok görüşünə hazır olacaq?
- Xronikidir, ya yox, bilmirəm. Əvvəllər belə bir şey olubsa, bilmirəm. Eşitdiyimə görə, bu vəziyyətdə oynamasına görə, bu qədər reabilitasiyadan keçib. Tam hazır deyil. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Bəlkə milli fasiləsində düzəlsə, ondan sonra oynayar.

- Emin Mahmudov niyə oynamadı?
- Zədəyə görə. Çox uzun olmasa da, "Səbail"lə görüşü də buraxacaq. Müalicə prosesi keçəcək. İnanıram ki, hazır olacaq. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücünü qorumayan oyunçudur.

- Futbolçu dönəminiz gözümüzün qarşısında keçib. Sizdəki döyüşkənlik indiki "Neftçi"də yoxdur?
- Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Mübarizədirsə, vaxtla gələcək. Bəzi oyunçular anlayacaqlar, məşqçinin ruhunu özünə götürəcəklər. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdirlər. İnanıram ki, bu da düzələcək. Burda problem görmürəm. Son vaxtlar harda təslim olduq? Elə Zirədə son dəqiqədə qalib gəldik. İlboyu yeni komandada "Kəpəz" kimi kollektivlərə qarşı oyunlar da olur. Bəzi matçlarda komanda, oyunçu düşür. "Kəpəz"lə matçda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə... Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdılar. Sizin verdiyiniz suallar tək elə bil "Neftçi"yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq.

- "Neftçi"dən gözləntilər yüksəkdir...
- Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. Anlayan insanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. Əgər bu vaxta qədər digər komandalara 0:2, 0:3 uduzursansa, indi udursan, yaxşı oyun göstərirsənsə, pozitivdir. "Neftçi"nin ətrafında neqativ axtarmağa çalışırsızsa, sonu yoxdur.

- Bəzi azarkeşlər "Neftçi"ni ötən turda "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edirlər..
- Mən nədən danışım? Bu qədər danışdım, gör nə deyirsiz... Niyə başqa kluba belə suallar verilmir? Günahımız nədir? Cavab istəyirsiz? Kameranı söndürün, qadınlar çıxsın, mən danışım.