Samir Abasovun "Sumqayıt"a "xəyanət"inə nöqtə
25.10.2024 - 15:21
Samir Abasovun "Sumqayıt"a "xəyanət"inə nöqtə

Futbol tarixində indi deyəcəyimə nadir hallarda şahid olmuşuq, bəlkə də mənim yadıma düşmür. Bir məşqçi bir klubdan ayrılır və başqa kluba keçir. Nəticədə nə ayrıldığı klubun azarkeşləri, nə getdiyi klubun çoxsaylı azarkeşləri bu keçiddən razı qalır. Hə, söhbət "Sumqayıt"ın sabiq, "Neftçi"nin yeni baş məşqçisi Samir Abasovdan gedir.

Ağzı olan danışdı. Barmaqları klaviatura, əli qələm tutan hamı şərh verdi bu keçidə. Bildi-bilmədi danışdı, bu arada xeyli ətimizi də tökdü həmin adamlar. Lap başa gedək, qısa-qısa deyim, day bağlayaq bu məsələni birdəfəlik.

"Ağ-qaralar" Qriqorçukdan qabaq Abasovun pəncərəsinə daş atmışdı, bunu yəqin ki, day bilməyən yoxdu. Samirin cavabı qəti oldu ki, bəs bu şəhər (bax: Sumqayıt) nə olacaq? Komandanı, uşaqları, azarkeşləri yarı yolda necə qoyum? Məlumdur ki, atıb, gəlmədi. Ardıyca "Neftçi"yə Roman gəldi, Abasovun isə başına gəlməyən qalmadı...

Gənclik şəhəri təmsilçisinin gənc prezidenti, zati-aliləri Rəfiyev Riadın apardığı möhtəşəm transfer siyasəti, klubda yaratdığı yüksək səviyyəli, can deyib can eşidilən füsunkar ab-hava...  Hə, dostlar, təbii ki, zarafat edirəm və ümidvaram, hər belə ironiyadan sonra bunun ciddi olmadığını açıqlamaq məcburiyyətində qoymarsız məni...

Klubun divarlarından qanqaraçılıq, kədər, premiyasızlıq, qeyri-peşəkarlıq yağan vaxtı Samir Abasov şəhəri qoyub "Neftçi"yə getməmişdi. Hamımız şahid olmuşduq. Yox?

Həə, indi soruşa bilərsiz ki, bəs nə oldu? Dəfələrlə sənin özünə, mətbuata "Neftçi"yə getməyəcəm, bu klubu atmayacam" deyəndən sonra necə oldu ki, atdı, Bakıya getdi? Hamılıqla Samiri vətən xaini çıxarıb qurtardınızsa, gəlin qoşulun mənə, bir də məsələyə fərqli tərəfdən baxın. Bəlkə çakralarınız açıldı.

Qriqorçukun gedişindən sonra paytaxt təmsilçisi Abasovun bu dəfə pəncərəsini yox, qapısını döydü. Şumda şərt, əldə müqavilə. Allah və bir neçə nəfər şahiddir ki, Abasov bu məqamda belə üstünlüyü doğma şəhərində qalmağa verdi. Nəhayətində "küsülü" olduğu Rəfiyev Riad cənablarının yanına girib dedi ki, qardaş, təklifim var. Uzat müqavilələrimizi 2 illik (köməkçiləri daxil, müqavilə müddəti yayda bitir), qalaq, işləyək, Sumqayıt uşaqlarıyıq. Nə maaşda artım istəyirəm, nə bir şey.

İşin bu hissəsi çox önəmlidir! 50 manata görə iş yerini dəyişən adamlar diqqətlə oxusun! Eyni maaşa "Sumqayıt"dan 2 illik müqavilə istəyən adama "Neftçi" aylıq 25 min manat daha artıq pul təklif etmişdi! Başa düşürsüz bu nə deməkdir? Amma yenə öncəliyi "Sumqayıt" oldu.

Rəfiyev də söylədi yox, yox. Mayda danışarıq. Yenə deyirəm, müqavilə yayda bitir. Gülməlidir, hə? Məncə də.

Nəticə də hər kəsə məlumdur.

 İstəyirsiz, bəzilərinin IQ səviyyəsinin 20-30 arası olduğunu nəzərə alaraq, bir də bu cür açıqlayım:

Rasim Sultanzadə apasport.az saytının işçisidir. İş müqaviləsi də 3 ay sonra bitir. Rasimə ayliq50minmanatpulsport.az saytından təklif gəlir. Rasim deyir yox, mən "apasport"u buraxıb, gedə bilmərəm. Nə qədər pul olur, olsun. Gedir rəhbərinin yanına ki, mənə burdan dəfələrlə artıq maaş verən yer var, amma mən burda qalmaq istəyirəm, uzadın müqaviləmi, elə hazırda aldığım maaşa qalım, işləyim. Rəhbərlik də deyir yox, təklifin var, get danış, razılaş, yaxşı yol...

İzah edə bildiyimi düşünürəm.

İndi bir sualım var və bu suala IQ səviyyəsi 15 olan adam da cavab verər:

Samir xaindir? Yoxsa şəhər futbolunun gələcəyi zərrə vecinə olmayan, keçən il avrokuboklara vəsiqə qazanmış gül kimi komandanı dağıdan müəllim?

0