Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
21.10.2024 - 11:47
Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.

- "Turan Tovuz" "Sumqayıt"la görüşdə (2:4) qələbə qazanmağı bacardı. Matç sizin üçün necə alındı? Gözlədiyiniz nəticə idi?
- Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqibdə baş məşqçi dəyişikliyi olmuşdu. İstər-istəməz yeni baş məşqçi gələndə kollektivdə motivasiya olur. Komandanın necə oynayacağını, yeni baş məşqçinin hansı oyun üslubuna üstünlük verəcəyini bilmirdik. Amma çətin olacağını dərk edirdik. Düzdür, 4:2 qalib gəldik. Lakin həqiqətən də, çətin oyun oldu. Əziyyət çəkdik. Hər oyundakı kimi mübariz oyun oynadıq, şükür Allaha qalib gəldik. Layiqli qələbə qazandıq. 

- Maraqlıdır ki, 30 dəqiqəyə 3 qol vuran komanda üçün matç sonradan niyə bu qədər çətin keçdi? Demək olar ki, arxayınlaşmışdınız deyə, belə alındı?
- Xeyr, arxayınlaşma deməzdim. Düzdür, 3:0-dan sonra bəlkə oyunu daha rahat apara bilərdik. Sadəcə ilk hissədə buraxdığımız qol oyunun intriqasını bir az da saxladı. Hesaba baxmayın, oyun çox çətin oldu. "Sumqayıt"ın "Neftçi" və "Qarabağ"la oyunlarına da baxmışdıq. Son iki matçda çox yaxşı oynayırdılar. Bilirdik ki, evdə də çox yaxşı çıxış edirlər. 3:1-dən sonra intriqa qalır. Bəlkə də ilk hissə 3:0 bitsəydi, oyun bu cür getməzdi. İkinci hissədə qol vursaq da, yenə buraxdıq. Çalışacağıq ki, bunları analiz edib, səhvlərimizi aradan qaldıraq.

- Rəqib komandanın baş məşqçisi Vaqif Cavadov bildirib ki, "Turan Tovuz" qapıya 4 zərbə vurdu və dəqiq alındı, amma üstünlük onlarda idi. Razısan bununla, yoxsa səncə, üstün tərəf siz idiz?
- Hər baş məşqçinin öz fikri ola bilər. Əsas bizim üçün olan qələbə qazanmaq idi. Elə oyunlarımız olub ki, 100 faiz qol şanslarımız olub, amma dəyərləndirə bilməmişik. Dünənki matçda əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışdıq. Bizim üçün əsas olan qələbədir. Bu oyunu analiz edib, qarşıdakı matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq.

- Fasilə zamanı komanda ilə birlikdə hazırlaşa bilməmişdin. Çünki millinin düşərgəsindəydin. Demək olar ki, komanda fasilə zamanı yaxşı hazırlaşıb?
- Milli fasiləsindən sonra səhv etmirəmsə, komandamla cəmi 2 məşq etdik. Komandadan ayrı qalmışdıq . Kurban Berdıyev bu toplanışlarda həm fiziki durumumuzu artırır, həm keçmiş oyunlarımızı analiz edir. Çatışmayan cəhətlərin hər bir xırdalığını komandaya izah edir. Oyundan-oyuna fərqli hazırlaşırıq. Çünki rəqiblər də fərqlidir. 

- Millidən söz düşmüşkən, millidə iki oyun ardıcıl uduzdunuz. Tənqidlərin ardı-arası kəsilmirdi. Bu psixoloji durumla "Turan Tovuz"a necə qayııtmışdın? Əhval-ruhiyyənin aşağı olması, komandaya təsir etmirdi ki?
- Düzdür, millidə iki oyunu da uduzmuşduq. Amma millidəki 2 oyunda da qol şanslarımız var idi. Bəlkə də, həmin qol şanslarını dəyərləndirsəydik, hər şey başqa cür olardı. Sonda iki oyunda da uduzmuşuq. Buna görə üzgünük. Azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı. Əlbəttə ki, uduzmaq da insana təsir edir. İki oyun uduzanda bu, əhval-ruhiyyəyə təsir edir. Amma kollektivdə hamımız bir-birimizə dəstək oluruq. Məndən savayı "Turan Tovuz"da başqa futbolçular da var idi, öz millilərindən qayıtmışdılar. Hamımız çalışırıq ki, komandaya toplandıqda, o biri matçları unudaq."Sumqayıt"la oyunqabağı yaxşı hazırlaşmışdıq, bir-birimizə dəstək idik.

- Yeri gəlmişkən, Kurban Berdıyev səninlə milli haqda danışdı?
- Sözün açığı, bu haqda çox danışmırıq. Millidən qayıtdıqdan sonra o, yenidən komandada necə məşq etməli olduğumuzu başa salır. Tonusda qalmağımızı istəyir. Ümumi olaraq, Berdıyevlə milli haqda çox danışmamışıq.

- Növbəti turda qərb derbisi olacaq. "Turan Tovuz"un "Kəpəz"lə görüşdə qələbə qazanmaq şansı nə qədərdir? Rəqibiniz yaxşı durumda deyil, yəqin ki, qalib gələ biləcəksiniz...
- Vallah mən belə düşünmürəm. Çünki çempionatda rahat oyun yoxdur. "Neftçi"nin "Kəpəz"lə oyununu gördük. Bu komandaların qarşılaşması da derbidir. "Kəpəz" "Neftçi"yə 4 qol vurdu. "Kəpəz"ə yeni baş məşqçi, yeni futbolçular gəlib. Onların gücünə güc qatıb. "Kəpəz" də bu oyuna iddialı çıxacaq. Biz də öz azarkeşlərimizin qarşısında oynayacağıq. Asan oyun olmayacaq, çox ağır olacaq. Derbidir. Derbi olanda, futbolçular daha başqa cür hazırlaşır. Çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq. Allah qoysa, həmin oyuna qədər tam hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq.

- "Turan Tovuz" hər turda uğurlu çıxış etdikcə, demək olar ki, avrokuboklara daha da yaxınlaşırsız? Səncə, bu yolun sonunda avrokuboklar görünür?
- Avrokuboklardan danışmaq hələ çox tezdir. Çünki ikinci dövrənin ilk oyunu idi. Qarşıda hələ nə qədər oyun var. Matçlar çoxdur, zaman çoxdur. İndidən avrokuboklar barədə danışmaq düzgün deyil. Hər oyuna çıxanda xal və ya xallar qazanmaq istəyirik. Allah nəsib edər, avrokuboklara gedərik. Bu da əla olar. İndi isə yalnız hər oyun bitdikdən sonra qarşıdakı matçı düşünürük.

0