
Deyiblər ki, Sezarın haqqını Sezara vermək lazımdır. Bugünkü mövzumuz elə adındakı hərflərlə də Sezarı xatırladan "Kəpəz"in baş məşqçisi Azər Bağırovdu. Bağırov yəqin ki, futbolumuzdakı ən "adamsız", dəstəksiz, media gücü olmayan məşqçidi. Necəsə hamılıqla diqqətdən kənar saxladığımız, haqqını vermədiyimiz, hər dəfə özünü sübut etməli olduğunu düşündüyümüz mütəxəssis bir şəhərin, tarixi klubun yenidən aşağı liqaya yuvarlanmaması üçün gecəsini gündüzünə qatıb.
Bir-iki rəqəmlə, faktla başlayaq. Bağırovun çəlimsiz heyəti son 5 oyuna 8 xal toplayıb. "Sabah"dan 3 xalı 3 qolla alıb, "Neftçi"ni Tovuzdan Bakıya əliboş göndəriblər. Liderlərdən "Araz"a uduzmayıb, "Şamaxı"dan da 1 xal qoparıblar.
"Kəpəz" kimi komandaların (bugünkü gündə), Azər kimi məşqçilərin bir şanssızlığı da var ki, pis nəticələr öz adlarına, yaxşı nəticələr rəqibin uğursuzluğuna yazılır. Yəni "Kəpəz" "Neftçi"ni udmur, "Neftçi" "Kəpəz"ə məğlub olur. Biz başlıqları da əsasən elə qoyuruq. "Kəpəz" "Sabah"ı məğlub etdi" yerinə, "Sabah" "Kəpəz"lə bacarmadı" deyirik.
Təbii ki, səbəbləri aydındır. Mövsümün əvvəlində bir Allahın qulu sinəsini qabağa verib deyə bilmirdi ki, "Kəpəz" elitada qalacaq, düşməyəcək. Davamlı tənqid olunan rəhbərlik, inanılmaz zəif heyət, baş məşqçi dəyişikliyi, haqlı olaraq narazı olan azarkeşlərin yaratdığı gərgin ab-hava, stadionsuzluq. "Kəpəz"in Birinci Liqaya düşməsi üçün münbit şərait var idi. Demək olar, hamının komandadan əlini üzdüyü yerdə Azər Bağırov dedi ki, "a kişi, bir dayanın görək, hara düşürük?!"
Son periodda cırmaqlaya-cırmaqlaya yığdığı xallarla "Səbail"i itələyib zirzəmiyə salan Bağırov, turnir cədvəlində Vaqif Cavadovun "Sumqayıt"ına da "göz vurur". 22 xalı olan iki komanda 3 gün sonra Sumqayıtda qarşı-qarşıya gələcək. Uşaq vaxtı məhəllədə oynadığımız oyunlarda belə qayda olurdu: "Uduzan çıxır". Bu oyunun afişası da mənim üçün belədir. Bunu həm klublara, həm məşqçilərinə aid etmək olar. Uduzan çıxacaq.
Sezara qayıdası olsaq, ən azından, hamımızın yaxşı xatırladığı ötən mövsümdə "Araz Naxçıvan"ın sükanı arxasında o, özünü sübut etmişdi. Heç aşağı yaş qruplarındakı, Region Liqası və Diviziondakı çempionluqları, yersiz-yurdsuz “Araz-Naxçıvan”ı Premyer Liqaya qədər qaldırmasını demirəm. 1 il qabaq az qala Qurban Qurbanovla müqayisə etdiyimiz Azər Bağırov “Kəpəz”i Misli Premyer Liqasında saxlasa, bu uğurunu illərlə danışmağa haqqı da olacaq.
Və hamımızın “düşəcək” dediyi “Kəpəz” növbəti mövsüm də elitada qalsa, Azər Bağırovun “özünü sübut” problemi də bitəcək. Onda artıq bir zəhmət, hamılıqla Sezarın haqqını Sezara verərik.