"Araz-Naxçıvan"ın müdafiəçisi Slavik Alxasov apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" "Kəpəz" lə görüşdə qələbə qazana bilmədi. Səncə, qələbəyə nə yetmədi?
- Evdə oynadığımız üçün biz bu matçda qələbə qazanmaq istəyirdik. Yaxşı da hazırlaşmışdıq. Liqanın ikinci hissəsi daha ağır gedir. "Kəpəz"lə matçda da qol epizodlarını vura bilmədik. Sonda da bərabərlik qeydə alındı.
- Maraqlıdır ki, ən yaxın izləyiciləriniz "Zirə" və "Turan-Tovuz" da bu turda uduzdu. Yəqin ki, bu mənada "Kəpəz"lə bərabərə qalmağınız sizin üçün o qədər də üzücü olmayacaq?
- Komanda olaraq biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Sona qədər də meydanda mübarizə aparırıq. Futboldur da. Həmişə biz istədiyimiz kimi olmur. Biz yalnız öz oyunumuza fokuslanmışıq və öz matçlarımızı düşünürük.
- "Araz-Naxçıvan" növbəti görüşünü "Turan -Tovuz"a qarşı keçirəcək. Bu matçda komandanızın qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Premyer Liqadakı mübarizəni görürsüz, çox gərgin keçir matçlar. "Turan Tovuz" çətin və ağır səfərdir. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Ancaq biz səfərə maksimum nəticə arxasınca gedirik. Qələbə istəyirik.
- Necə düşünürsən, "Araz-Naxçıvan" üçün bu sezon ən çox çətinlik yaradan rəqib hansıdır?
- Dediyim kimi, bütün görüşlər çətindir. Amma soruşursuzsa, deyim. "Qarabağ"ın adını vurğulayardım. Çünki hər iki matçda onlara uduzmuşuq.
- "Araz-Naxçıvan"ın bu sezon uğurlu çıxışının sirri nədədir? Səncə, sezonu hazırkı sırada bitirmək mümkün olacaq?
- Komandamız çox mehribandır. Həqiqətən yaxşı kollektivimiz var. Bir-birimizi çox yaxşı başa düşürük. Həm məşqçilər heyəti, həm də rəhbərlik tərəfindən dəstək hiss edirik. Bizə çox inanırlar. Ab-hava da çox yaxşıdır. Bunlar da olanda, uğurlar qazanmaq mümkündür.
- Yeni sezondan Premyer Liqada komanda sayı 12 olacaq. Bu pozitiv qəbul edilir. Amma legioner limitinin ləğvi birmənalı qarşılanmadı. Bu haqda fikrin necədir?
- Təbii ki, liqada 12 komanda olması çox əladır. Həqiqətən yaxşı qərardır. Amma legioner limitinin ləğvi doğru deyil. Çox şey demək olar. Amma nə bilim. Hər şeyi zaman göstərəcək. Necə olacaqsa, birlikdə görəcəyik.