
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qurumun prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Aşağı liqadan elitaya yüksələcək komandalara ediləcək güzəştlər və s. barədə qərarlar qəbul olunub. Amma razılaşarsız ki, bundan daha vacib məsələ futbolumuzun gələcəyi olan aşağı yaş qruplarının kimlərə həvalə olunacağı idi. O da bəlli oldu, AFFA yenə təəccübləndirmədi. Milli komandanın aşağı yaş qruplarında karusel sistemi davam etdi. Belə ki, 17 yaşlılardan ibarət milli komandaya Aqil Nəbiyev, 18 yaşlılara İlham Yadullayev, 19 yaşlılara Elxan Abdullayev başçılıq edəcək. İlin sonuna qədər. Tək sevindirici məqam isə kritik sayılan U21 komandamızın Ayxan Abbasova tapşırılması oldu. Başqa heç nə...
Abbasovun komandasının bir pillə altı olan U19 isə bəlkə də dünyanın ən tənbəl, ən həvəssiz, öz üzərində işləməyə zərrə marağı olmayan məşqçisinə həvalə olundu. Yəqin ki, Elxan Abdullayevin hər dəfə çıxıb Belarusdan 6, Türkiyədən 5, İrlandiyadan 4 qol buraxması, çalışdığı heç bir işdə uğur qazana bilməməsi AFFA rəhbərliyinin diqqətini çəkib və heç bir tərəddüd etmədən, onu futbolumuzun gələcəyində önəmli pozisiya sayılan milliyə baş məşqçi təyin ediblər. Əsas odur ki, Elxan müəllim hər getdiyi turnirdə, səfərlərdə əlində kofeylə ora-bura gəzməyə davam edəcək. Buna görə AFFA-ya təbii ki, təşəkkür düşür.
Abdullayevin komandasının bir altı olan U18-ə isə Füzuli Məmmədovdan sonra İlham Yadullayev başçılıq edəcək. İlham bəy barədə də daha əvvəl danışmışdıq. Öz aramızdı, AFFA-nın son inkişaf turnirinin iştirak ərizəsində klub adında etdiyi düzəliş təqdirəlayiqdi. Lütf edib, "Srvena Zvezda"nı dəyişib "Graficar" etmələri məni lap kövrəltdi. Bunu etmək üçün biz hər şeyi araşdırıb, açıb-tökməli idik? Ki, "Srvena"da oynayır dediyiniz uşaq əslində aşağı liqa komandası olan "Graficar"da sadəcə məşq edir?! Nə isə. Cənab Yadullayevin də ilin sonuna qədər milliyə cəlb edəcəyi oyunçular mövzusunda ədalətli olacağına inanmaq istəyirəm. Ümid edirəm ki, gürcü mətbəxinin təamlarıyla zəngin yeyib-içmək məclisləri, dost-tanışların uşaqları, filankəslərin tapşırıqları onun milli komandaya seçəcəyi oyunçuların kimliyinə təsir etməyəcək.
Aqil Nəbiyevin isə 17 yaşlılarla nə edəcəyini maraqla gözləyirəm. İnsafən, Aqil bəyi həmkarı Elxan Abdullayevlə filan müqayisə etmək haqsızlıq olar. Nəbiyev, öz üzərində işləyən, gerçəkləri, problemləri "yuxarılar"a çəkinmədən deyən, realist mütəxəssisdi. APA TV-nin efirində yayımlanan APA Sport verilişinin də daha əvvəl qonağı olan Aqil bəy bütün suallarımızı sinəsində ram edib, lazımi cavabları açıq-açıq vermişdi. Qısacası, avazı yaxşı gəlir, görək, oxuduğu Qurandırmı...
Yazının əvvəlində də dediyim kimi, AFFA-nın iclasında U21-in baş məşqçi təyinatı ən sevindirici, ümid verən qərar oldu. Ümid milli komandamızı çalışdıracaq Ayxan Abbasovun "Zirə", "Sumqayıt" və "Turan Tovuz" kimi klublarda nələr etdiyinin şahidi olmuşuq. Mütəxəssis aşağı büdcəli klublarda ortaya ciddi məşqçi işi qoymağı bacarır. Abbasov "Sumqayıt"ı ölkə çempionatının bürünc mükafatçısı edib, komandanı avrokuboklara aparıb. Ayxan bəyin ən sevilən cəhətlərindən biri isə yerli futbolçuları üzə çıxarmaq bacarığıdı. Onun dəfələrlə yeni istedadlar ortaya çıxardığını görmüşük. Elə hazırda "Şamaxı"da rəhbərliyi altında oynayan Edqar Adilxanovu misal çəkmək olar.
Belə, bu təyinat da olsun gözdən pərdə asmaq. Uşaq futboluna, ölkə futbolumuzun gələcəyinə qənim kəsilən AFFA-nın bu qərarlarına da bir quş. Allah özü balalarımıza kömək olsun, nə deyək...