Avropa Oyunlarının Atletlər Kəndində bayram əhval-ruhiyyəsi yaşanır. APA TV-nin məlumatına görə, Atletlər kəndində Azərbaycanın və Avropa Olimpiya Komitəsinin (AOK) bayraqları qaldırılıb. Oyunlarda iştirak edəcək komandaların iştirakı ilə keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunların idman bayramı adlandırıb. Nazir bildirib ki, Azərbaycan bu yarışa ev sahibliyi etdiyi üçün qürur duyur. Bu, Avropa idman tarixində yeni səhifə yaradacaq.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qısa zaman ərzində görülən işləri yüksək qiymətləndirib. Üzünü idmançılara tutan Patrik Hikki 17 gün ərzində onların rahatlığı üçün Azərbaycan tərəfdən hər cür şərait yaradıldığını deyib.
Daha sonra Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımız Atletlər Kəndində qaldırılıb. Qitə olimpiya təşkilatının himni səsləndirilib və Avropa Olimpiya Komitəsinin bayrağı qaldırılıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məşəli idmançıların məskunlaşdığı kəndə gətirib.
Artıq bir neçə gündür Atletlər kəndində olan idmançılar onlar üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.
Türkiyənin qadınlardan ibarət karate yığmasının üzvü Şeyda Burcu ölkəmizə iki gün öncə gəldiyini deyib: “Bura iki gün öncə gəldik. Atmosfer olduqca gözəldir. İnsanlarınız, yeməkləriniz çox yaxşıdır. Çox gözəl təşkilatçılıqdır. Daha əvvəl belə bir təşkilatçılıqla qarşılaşmadıq”.
Türkiyə yığmasının daha bir üzvü Dilayə Bozan Azərbaycanı qardaş ölkə sayır: “Ata tərəfim azərbaycanlıdır. Qardaş ölkəmizdir. Hər kəslə çox yaxşı anlaşırıq. Çox gözəldir”.
Norveçli idmançılar da Avropa Oyunlarının çox mükəmməl təşkil olunduğunu deyir: “Bu mənim Azərbaycana birinci səfərimdir. Atletlər kəndi çox böyükdür, gözəldir. İnsanları çox gözəldir. Birinci Avropa Oyunlarında hər şey mükəmməldir”.
Tədbir bədii hissə ilə davam etdirilib.