Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən Dünya Kubokunun ilk mərhələsində qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, şahmatçımız ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanı mübarizədən kənarlaşdırıb.
İlk iki oyunda heç-heçə edən Rəcəbov rəqibini tay-brekin hər iki partiyasında məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib. Qələbədən sonra Rəcəbov təəssüratlarını bildirib: "İlk görüşdə kifayət qədər yaxşı şahmatçıya qarşı oynadım. ABŞ-ın tarixində ən gənc qrossmeyster olan istedadlı şahmatçıyla mübarizə apardım. Heç-heçəylə başa çatan görüşlər çətin alındı. Hərçənd ilk görüşdə yaxşı üstünlüyə malik idim. Rəqib həmin partiyada çətin vəziyyətdən çıxmağı bacardı. Qələbə qazanmaq üçün imkanım böyük idi. İkinci görüşdə isə həmkarım heç-heçəyə oynayırdı. Belədə ümumi nəticə bərabər olduğu üçün qalibi tay-brekdə müəyyənləşdirməli olduq. Tay-brekdə lazımi nəticəni qazandım. Dünya Kuboku üçün tay-brek normal haldı. Bəzi görüşlərdə duelin taleyi məhz tay-brekdə həll olunur".
Rəcəbov eyni zamanda Bakıda keçirilən Dünya Kubokunun iştirakçılar baxımından ən güclü olduğunu bildirib: "Dünya Kubokunda zəif rəqib yoxdur. Bütün şahmatçılar paytaxtımıza uğur qazanmaq üçün gəlib. Rəqabət çox yüksəkdir. Bakıdakı yarış Dünya Kuboku tarixində ən güclüdü. Hər bir şahmatçımız mümkün qədər yaxşı çıxış etməyə çalışır. Məqsədim hər mərhələni keçməkdir".
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib