"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası yeni layihənin icrasına başlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı ilə əldə olunmuş razılığa əsasən, bu gün Veloparkda adı çəkilən ali təhsil ocağının fakültələrarası "Tələbə Kuboku" yarışı keçirilib.
Komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olub. Estafet yarışında mübarizə aparan iştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediliblər. 16 komandanın iştirak etdiyi yarışın ilk mərhələsindən sonra ən yaxşı nəticə göstərən 4 kollektiv müəyyənləşib və onlar final yürüşündə çempionluq uğrunda mübarizə aparıblar.
Yekunda "Kimya" fakültəsinin komandası hamını qabaqlamaqla "Tələbə Kuboku"nun qalibi olub. 2-ci yeri "Tarix" fakültəsi, 3-cü yeri isə "Coğrafiya və İbtidai Hərbi Hazırlıq" fakültəsinin komandası tutub.
İlk 3 yeri tutan komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər.
Qeyd edək ki, Pedaqoji Universitetin tələbələri arasında keçirilən bu yarış pilot layihə idi və yaxın aylarda digər ali təhsil ocaqları arasında ümumrespublika "Tələbə Kuboku"nun təşkili də nəzərdə tutulur.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib