Qəbələdə stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, birinciliyin açılışında “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov da iştirak ediblər.
Mükafatlar uğrunda 30-a yaxın idmançı mübarizə aparıb. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova, “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, habelə Azərbaycanın ilk beynəlxalq dərəcəli idman ustası, beynəlxalq yarışların qalibi Xanhüseyn Bağırov, beşqat Azərbaycan çempionu Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları da yarış iştirakçıları arasında olublar.
Çempionatı maraqlı edən məqamlardan biri də atıcılıq üzrə Azərbaycan çempionatının ilk dəfə olaraq paytaxtda deyil, ölkəmizin dilbər guşəsində, Qəbələ Atıcılıq Klubunun bazasında təşkil olunması ilə bağlı olub. Bu çempionat eyni zamanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Azərbaycanda ilk dəfə təşkil olunacaq Qran-Pri turnirinə sınaq xarakteri daşıyıb.
Gərgin keçən yarışda Olimpiya çempionumuz qızıl medal qazana bilməyib. Onun çıxış etdiyi növdə çempionluğu Cəfərova qazanıb. “Qəbələ” Atıcılıq Klubunun nümayəndələri Emin Cəfərov və Alina Rafikxanova skit və trap növlərində Azərbaycan rekordunu təzələyiblər.
Qeyd edək ki, həmin turnir avqustun 14-dən 21-dək Qəbələdə keçiriləcək.
Azərbaycan çempionatının qalibləri:
Dairəvi stend (kişilər):
1.Emin Cəfərov
2.Xanhüseyn Bağırov
3.Niyaz Ağazadə
Dairəvi stend (qadınlar):
1.Nurlana Cəfərova
2.Zemfira Meftahəddinova
3.Sevda Mustafayeva
Səngər stendi (kişilər):
1.Elçin Babayev
2.Elvin İsmayılov
3.Mirzə Bəşirov
Səngər stendi (qadınlar):
1.Alina Rafikxanova
2. Məsumə Cavadova
3. Rəna Ələsgərova
Mənbə: gabalafc.az
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı