Avqustun 6-da velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli yığma komandalarımız Gədəbəyə təlim-məşq toplanışına yola düşüblər.
Apasport.az xəbər verir ki, ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılarımız təşkil ediləcək nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldəcəklər.
Təlim-məşq toplanışına yola düşməzdən əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyasında tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma komandaların üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Xüsusilə, yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da yığma üzvlərimizin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.
Komanda üzvləri üçün Gədəbəy rayonunda baza ayrıldığını bildirən Sahib Ələkbərov təlim-məşq toplanışının təşkilinə verdiyi dəstəyə görə sahibkar Mübariz Bayraməliyevə federasiya adından təşəkkürünü bildirib. Öz növbəsində Mübariz Bayraməliyev deyib ki, Gədəbəydə yerləşən və bütün lazımi şəraitlə təmin edilən baza bölgədə velosiped idmanına marağın daha da artmasına şərait yaradacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”