DÇ-2026: Açılış günündə faciə - AZARKEŞ DÜNYASINI DƏYİŞDİ
12.06.2026 - 10:29
DÇ-2026: Açılış günündə faciə - AZARKEŞ DÜNYASINI DƏYİŞDİ

Dünya çempionatının açılış günündə faciəvi hadisə baş verib.

Apasport.az xəbər verir ki, Meksikanın paytaxtı Mexikoda yerləşən “Asteka” stadionu yaxınlığında almaniyalı azarkeş dünyasını dəyişib.

Hadisə Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçirilən DÇ-2026-nın açılış matçı zamanı baş verib. Meksika rəsmilərinin məlumatına görə, 81 yaşlı Almaniya vətəndaşının ilkin ehtimala əsasən infarkt keçirdiyi bildirilir.

Tibbi yardım əməkdaşları hadisə yerində azarkeşə müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra o, Milli Kardiologiya İnstitutuna aparılıb və orada ölümü təsdiqlənib.

Mexiko şəhər rəsmiləri Almaniyanın konsulluq orqanları ilə əlaqə saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, azarkeşin özünü pis hiss etmə səbəbi hələlik məlum deyil. Hadisənin hər hansı iğtişaş və ya başqa insidentlə bağlı olmadığı bildirilir.