Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
21.05.2024 - 11:54
Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"

"Təbriklərə görə təşəkkür edirəm". 

Apasport.az xəbər verir ki, bunu cüdo üzrə dünya çempionu, 4 qat Avropa çempionu Hidayət Heydərov deyib. 

26 yaşlı idmançı çempion olacağına əvvəldən inandığını bildirib: "Həm dünya, həm də Avropa çempionuyam. Çempion olacağımı gözləyirdim. Dünya çempionatlarında hər dəfə yarımfinallarda məğlub olurdum. Finala çıxanda gözlərim doldu, amma çempion olandan sonra özümü saxlaya bilmədim. Əbu-Dabiyə gələndən çempionluğu düşünürdüm. Nəyin bahasına olursa, olsun çempion olmalı idim". 

Dörd qat Avropa çempionu finalda xüsusilə yaponiyalı rəqibini udmaq istədiyini vurğulayıb: "Dünya çempionatında yapon üzərində qələbə qazanaraq çempion olmaq istəyirdim. Çünki dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm. Mən əvvəldən bilirdim ki, bu "ippon"dur, təkrara baxanda daha dəqiq bildim. Amma yenə də sevinmək üçün qərarın verilməsini gözlədim".  

H.Heydərov Elnur Məmmədliyə təşəkkür edib: "Bu tarixi tək mən yazmadım. Mənim arxamda duran Elnur Məmmədli sağ olsun ki, həmişə buna inandı. O, həmişə deyirdi ki, dünya çempionu olacaqsan. Dohada uduzanda ağladım. O gəlib mənə dəstək oldu ki, biz birlikdə dünya çempionu olacağıq. Mən yıxılanda onun sözləri ağlıma gəldi. Dedim ki, mən bunu qazanmalıyam".  

Dünya çempionu növbəti hədəfinin Paris-2024 olduğunu qeyd edib: "Tarix yazdım. Tək hədəf qalıb. O da Paris-2024. Bu yola çıxanda demişəm ki, həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olub Azərbaycan tarixinə bir nömrə kimi düşəcəm". 

 

0