
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilmiş Qran-pri turnirinin final görüşündə komanda yoldaşı Hidayət Heydərovun dəstəyini hiss edib.
Apasport.az xəbər verir ki, olimpiya çempionu bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
O, Azərbaycan təmsilçilərinin sözügedən turnirdə 6 qızıl medal qazandığını xatırladıb:
"Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır. Biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya çempionatı və Olimpiya Oyunlarında da ən yaxşı nəticələri qazanacağıq. Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, o da məni dəstəklədi. Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim".
Meksikada qızıl mükafata sahib çıxan Z.Kotsoyev özünü yaxşı hiss etdiyini söyləyib:
"Yarış günü mənim üçün çox çətin idi. Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm. Finalda qalib gəldiyim Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur. Sol əli, demək olar ki, beton kimidir (gülür). Mən bilirdim ki, onun sol əlini "öldürməliyəm", yəni nəzarət altına almalıyam. Çox motivasiyalı idim. Qol tutuşunu aldığım anda düşündüm: "Ya indi, ya heç vaxt". Və icra etdiyim fənd dərhal işə yaradı. Döyüşdən sonra ona zarafatla dedim: "Niyə yatırsan, biz indi başlamışdıq axı?" O da öz ideal formasında deyildi".
Daha öncə Perunun paytaxtı Limada gerçəkləşən Qran-pridə beşinci yeri tutan cüdoçu həmin yarışın çox çətin keçdiyini vurğulayıb:
"Peru mənim üçün çox çətin idi – həm uyğunlaşmaq, həm də çəki salmaq baxımından. Özümü yaxşı hiss etmirdim. Amma bu dəfə artıq bir müddətdir Meksikadayam və özümü xeyli yaxşı hiss edirəm. Çətin gün idi, amma çox xoşbəxtəm. Peruya nisbətən hər şey daha yaxşı idi".