Kişi həndbolçulardan ibarət komandaların Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku yarışlarında 2022-2023-cü il mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə ölkəmizi təmsil edəcək “Bakı” klubu mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq.
Artıq Azərbaycan çempionunun rəqibi müəyyənləşib. Bu komandanın adı Bosniya və Herseqovinanın “Qraçanisa” və Kosovonun “Kastrioti” komandalarının oyunlarında müəyyənləşib.
İki raundluq mübarizənin hər iki görüşünü 36:22 hesablı qələbə ilə başa vuran Bosniya və Herseqovina təmsilçisi ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Bakı” və “Qraçanisa”nın oyunları oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılır. Qarşılaşmaların məkanı iki klub arasındakı razılaşmaya əsasən müəyyənləşəcək.