
Özbəkistanın Qaraqalpaqstan bölgəsinin Lukus şəhərində Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının qərarı ilə əlbəyaxa döyüşün R1 versiyası (peşəkar döyüş üzrə) üzrə yarış təşkil olunub. Turnirdə 7 ölkə iştirak edib.
Azərbaycanı bu yarışda MMA üzrə ölkəmizin ilk dünya çempionu, məşqçi Etiqad Atakişiyevin tələbəsi Gündüz Nəbiyev təmsil edib.
Azərbaycanın Əməkdar məşqçisi, SSRİ idman ustadı, Beynəlxalq ekstra dərəcəli həkim, Azərbaycan Əlbəyaxa döyüş liqasının təsisçi direktoru Mübariz İbrahimov beynəlxalq turnirlə bağlı Apasport.az saytına açıqlama verib.
O, yarışın formatı barədə məlumat verib: “Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, Belarusiya və Qırğızıstan idmançıları Özbəkistan yığmasına qarşı mübarizə aparıblar. Hər dövləti bir idmançı təmsil edib. Mən də Azərbaycanın Əlbəyaxa Döyüş Liqasının rəhbəri kimi ölkəmizi yarışda təmsil etmişəm.
Qeyd edim ki, peşəkar əlbəyaxa döyüş adi əlbəyaxa döyüşdən fərqlənir. Əgər əlbəyaxa döyüşlərdə kimono geyimində çıxış edilirsə, peşəkar döyüşlərin R1 versiyasında idmançılar açıq bədəndə, yalnız şortla mübarizə aparırlar. Burada qaydalar sərtdir, lakin diz və dirsək zərbələrindən istifadə olunmur. Bu, idmançıların ağır cəzalar almaması və qaydaları pozmaması üçün nəzərdə tutulub”.
Mütəxəssis idmançımız haqqında söz açıb: Yarışda idmançımız Gündüz Nəbiyev yerli rəqibini cəmi 1 dəqiqə ərzində fənd tətbiq etməklə təslim edib və qələbə qazanıb. Digər ölkələrin idmançıları isə məğlub olub. Beləliklə, komandamızın yeganə qələbəsi Gündüz Nəbiyevin payına düşüb. Ümumi hesabda Özbəkistan komandası 5:1 hesabı ilə qalib gəlib. Gündüz Nəbiyev həm də MMA döyüşlərində iştirak etmiş, yüksək reytinq qazanmış tanınmış idmançıdır. O, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşıdır. Əlahiddə Çevik Polis Alayının rəhbəri cənab Ramil Piriyevi və kollektivini təbrik edirəm. İnanıram ki, həmin alayda xidmət edən digər idmançılarımız da gələcəkdə Azərbaycanı əlbəyaxa döyüş üzrə layiqincə təmsil edəcəklər.
İbrahimov komandanın heyətindən danışıb: “Hazırda komandamızın tərkibində dörd yeniyetmə və gənc idmançımız var. Onlar Qazaxıstanın Aktau şəhərində keçiriləcək dünya birinciliyində çıxış edəcəklər. Yaxın günlərdə onların uğurları barədə müjdəli xəbərlər verəcəyik.
Bundan əlavə, qarşıda digər yarışlarımız da var. Qardaş ölkələrdə dünya kuboku, habelə Venesuelada mötəbər beynəlxalq turnir təşkil olunacaq. Həmçinin peşəkar döyüş üzrə bir neçə yarış planlaşdırılır. Bu yarışlara yalnız federasiyanın reytinq siyahısında yer alan idmançılar dəvət edilirlər. Ehtimal olunur ki, biz də orada bir-iki idmançı ilə təmsil olunacağıq”.
O, sambonun üstünlüklərini bildirib: “Dinamikaya üstünlük verilən bu idman növü döyüş idman növləri arasında seçilir və qaydalara tam riayət olunur. Onun bir neçə versiyası mövcuddur: idman döyüşü, silahdan müdafiə qaydaları və xüsusi peşəkar döyüş versiyası. Gənclərimiz bu idman növünə böyük maraq göstərirlər. Bildiyiniz kimi, gənc nəsil döyüş idmanlarına üstünlük verir. Bu idman növü də faydalı olduğuna görə maraq günü-gündən artır.
Hazırda bir neçə filialımız fəaliyyət göstərir. İnşallah, gələcəkdə ölkə daxilində keçiriləcək yarışlarda milli komandanın tərkibi formalaşdırılacaq və dünya, Avropa, həmçinin digər beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edəcəyik”.