3 güləşçimiz yarımfinala vəsiqə qazandı
25.10.2024 - 19:54
3 güləşçimiz yarımfinala vəsiqə qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Azərbaycan millisi 5 çəkinin hər birində təmsil olunub.

61 kq çəki dərəcəsində Ruslan Abdullayev albaniyalı Endroi Avdyliyə (11:0), kanadalı Fotis Papadopoulosa (tuş) və ukraynalı Mikita Abramova (3:1) qalib gələrək yarımfinala yüksəlib. Ruslan yarımfinalda hindistanlı Abişek Dakayla güləşəcək. 

74 kq çəki dərəcəsində Cəbrayıl Qadjiyev almaniyalı Satas Volfa 9:3 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Orozobek Toktomambetova 1:4 hesabıyla məğlub olub.

86 kq çəki dərəcəsində Arseniy Djioyev almaniyalı Coşua Morodionyə (11:0), qvatemalalı Kaser Estradaya (11:0) və hindistanlı Dipak Dipaka (8:0) qalib gələrək yarımfinala yüksəlib. Arseniy yarımfinalda yaponiyalı Yuday Takahaşiylə güləşəcək.

92 kq çəki dərəcəsində Abdulcəlil Şabanov 1/8 finalda yunanıstanlı Qkivi Bliatzeyə 9:11 hesabıyla məğlub olub.

125 kq çəki dərəcəsində Aydın Əhmədov çinli Jinhai Vanqa (11:0), polşalı Mişel Dubovskiyə (5:4) və yaponiyalı Toyoki Hamadaya (4:2) qalib gələrək yarımfinala yüksəlib. Aydın yarımfinalda bolqarıstanlı Alen Xubulovla güləşəcək.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.

0