Cəbrayıl Qadjıyev final mərhələsinə yüksəlib
26.05.2024 - 02:24
Cəbrayıl Qadjıyev final mərhələsinə yüksəlib

Güləş üzrə U-23 Avropa çempionatı sona yaxınlaşır.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 6-cı günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da yer alan idmançılar mübarizəyə qoşulub.

Nürəddin Novruzov (61 kq) 1/4 finalda almaniyalı Dario Dittrixə tam üstünlüklə (10:0) qalib gəlsə də, yarımfinalda ukraynalı Mikita Abramova 12:15 hesabıyla məğlub olub. Novruzov sabah bürünc medal uğrunda belaruslu Yaqor Rudauskiylə güləşəcək.

Cəbrayıl Qadjiyev (74 kq) bolqarıstanlı İvan Stoyanova (11:1) və yunanıstanlı Teoxaris Kuqiumtsidisə (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda gürcüstanlı Luka Çxitunidzeni (7:4) xalçadan məyus yola salan təmsilçimiz sabah finalda rusiyalı Kamil Abdulvahabovla qarşılaşacaq.

Arseniy Djioyev (86 kq) polşalı Damyan Korbus xalçaya çıxmadığı üçün birbaşa 1/4 finala yüksəlib. O, bu mərhələdə almaniyalı Coşua Morodiona gücünü göstərib – 7:2. Djioyev yarımfinalda rusiyalı Arslan Baqayevə məğlub olub və sabah bürünc medal uğrunda finlandiyalı Miko Elkalayla mübarizə aparacaq.

Anar Cəfərli (92 kq) debütdə macarıstanlı Kristiyan Anqyala (8:1) qalib gəlsə də, 1/4 finalda moldovalı Yon Demyana minimal fərqlə (3:4) məğlub olub.

Yusif Dursunov (125 kq) 1/4 finalda macarıstanlı Milan Korksoqa uduzub – 1:4.

0