Dünya çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub
09.09.2025 - 14:05
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub

13–21 sentyabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan yığmalarının heyəti müəyyənləşib.

Sərbəst güləş üzrə millimiz 13–16 sentyabrda xalça üzərinə çıxacaq. Komandada İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaqlar. Komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçiləri isə Taymuraz Kokoyev və Şərif Şərifovdur.

Qadın güləşi üzrə yığmamız 15–18 sentyabrda yarışacaq. Bu kateqoriyada Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq) və Birgül Soltanova (62 kq) iştirak edəcəklər. Yığmaya baş məşqçi Toğrul Əsgərov rəhbərlik edəcək, ona Həsrət Məmmədyarov kömək göstərəcək.

Yunan-Roma güləşi üzrə millimiz isə 18–21 sentyabrda xalçaya çıxacaq. Komandanın heyətinə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) daxildir. Yığmaya baş məşqçi Aleksandr Tarakanov rəhbərlik edəcək. Onun köməkçiləri böyük məşqçi Rövşən Bayramov, eləcə də Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədov olacaq.