Güləşçilərimiz üçün uğursuz gün
31.10.2024 - 23:30
Güləşçilərimiz üçün uğursuz gün

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.

Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdə xalça üzərinə çıxıb.

61 kq çəki dərəcəsində Nurəddin Novruzov təsəlliverici görüşdə Peter Hammerlə (Kosta-Rika) qarşılaşıb. 14:4 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibi Jozef Silva (Puerto-Riko) olub. Bu görüşü 17:6 hesabı ilə üstün bitirən Nürəddin 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenlə (Monqolustan) üz-üzə gəlib və 2:8 hesabı ilə uduzub.

79 kq çəki dərəcəsində Orxan Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünü yoxlayıb. Təmsilçimiz 4:5 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.

92 kq çəki dərəcəsində Abubakr Abakarov təsəlliverici görüşdə Devid Teylordan (ABŞ) güclü olmağa çalışıb. Amma güləşçimiz 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.

0