![Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazanıblar](https://ww3.apasport.az/storage/news/2025/february/08/big/67a66689b9e2767a66689b9e28173895847367a66689b9e2567a66689b9e26.jpeg)
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli “Zagreb Open” turnirində Azərbaycanın daha 6 güləşçisi mübarizə aparıb.
Apasport.az xəbər verir ki, (59 kq) çəki dərəcəsində iki qadın təmsilçimiz xalça üzərinə çıxıb.
Alyona Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.
Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabıyla uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarenkaya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Ziya amerikalı Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını itirib – 3:5.
Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.
Qeyd edək ki, yığmamız “Zaqreb Open”də 7 medal qazanıb. Sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Abubakr Abakarov (92 kq) isə bürünc medala sahib çıxıblar.