Bir Əfsanənin Faciəsi: "Böyük Torino"nun Son Uçuşu"
26.08.2024 - 16:43
Bir Əfsanənin Faciəsi: "Böyük Torino"nun Son Uçuşu"

4 May 1949-cu il İtaliya futbolu üçün əhəmiyyətli tarixlərdən biridir. Ancaq bu, milli komandanın və ya bir İtaliya klubunun dünya miqyasında qazandığı bir uğurun tarixi deyil. Bu, bir komandanın tarixin səhnəsindən faciəvi bir şəkildə silindiyi gündür.

“IL GRANDE TORİNO”

İtaliya futbolunda Torino şəhərini “Yuventus” və “Torino” komandaları təmsil edir. “Yuventus” Seriya A-da ən çox çempionluq sevinci yaşayan klubdur. “Torino” isə enişli-çıxışlı bir qrafikə malikdir. Halbuki, “Torino” bir zamanların ən uğurlu komandası olaraq çempionluqlara embarqo qoymuşdu. Məhz “II Grande Torino” (“Böyük Torino”) adlandırılan “Torino”nun çöküşü 4 May 1949-cu il tarixində baş verib. Futbol tarixinin ən uğurlu komandalarından biri kimi göstərilən “Torino” təyyarə qəzası ilə yox olub getdi. Əgər o günlərdə avrokuboklar keçirilsə idi, böyük ehtimalla “Torino” bu yarışların ən uğurlu komandalarından biri olacaqdı.

HƏMİN O QƏZA

1948–49 mövsümünün bitməsinə 4 həftə qalmış “Torino” ardıcıl 5-ci çempionluğa çatmaq üçün günləri sayırdı. Klub milli komandanın da kapitanı olan Valentino Mazzolanın liderliyi ilə demək olar ki, rəqib tanımırdı. Mazzola həm də “Benfika”nın ulduzu Fransisko Fereyranın çox yaxın dostu idi. Bu yaxınlıq səbəbindən “Torino” prezidenti Ferruccio Novo, portuqaliyalı futbolçu Fereyranın yubileyi üçün “Benfika” ilə dostluq oyunu təşkil etdi. Lissabona rahat şəkildə çatan komanda 4 May 1949 tarixindəki yoldaşlıq görüşündə “Benfika”ya 4:3 məğlub olaraq İtaliyaya yola düşdülər. 

Yağışlı və fırtınalı havada pilotlar eniş üçün icazə istəyiblər. Komandanı aparan təyyarə Torino Hava Limanına yaxınlaşarkən 672 metr yüksəkliyindəki Superqa təpəsindəki abidəyə çırpıldı. Bu qəzada 18-i futbolçu olmaqla, aralarında rəhbər şəxslər və jurnalistlərin də olduğu 31 nəfər həyatını itirdi. 

Əfsanəvi “Torino” komandasından geriyə bronxit olduğu üçün Portuqaliyaya getməyən Prezident Novo, ehtiyat oyunçulardan Qiuliano, Qandolfi və zədəli Sauro Toma qaldı. 

Təyyarə qəzası yalnız “Torino” komandasını yox etmədi. Həm də İtaliya millisinin gücünü böyük ölçüdə azaltdı. 1947-ci ildə Macarıstana qarşı meydana çıxan İtaliya yığmasının heyətində nə az, nə çox 10 “Torino”lu oyunçu var idi.

SUPERQA DAĞINDAKI ABİDƏ

Qəza İtaliyada şok təsiri yaratdı. 6 mayda təşkil olunan cənazə mərasimlərinə 500 min insan qatıldı. Torinolu insanlar özlərinə çempionluq sevinci yaşadan ulduzlarını göz yaşları içində torpağa tapşırdılar. Oyunçuları torpağa, sevgilərini isə ürəklərinə basdıran Torinolular evlərinin müxtəlif yerlərinə asdıqları “Böyük Torino” posterləri ilə yas tutdular. Qəzanın baş verdiyi Superqa dağında ucaldılan abidə isə “Torino faciəsi”ni bu günümüzə qədər gətirib çıxardı.

Komanda son 4 oyununu geriyə qalan 3 əsas heyət oyunçusu və gənc komandadan əlavə edilmiş uşaqlar ilə oynadı. Yenə də mövsümün bitməsinə 1 həftə qalmış ardıcıl 5-ci çempionluğunu elan etdi. Ancaq bu əfsanə komanda ilə qazanılmış son çempionluq idi...

Seriya A-da “Torino” küləyi əsdirən isimlərin başında kapitan Valentino Mazzola var idi. Ezio Loiklə 1942-ci ildə “Venezia”dan “Torino”ya transfer olan Mazzola, ilk mövsümündə həm liqa çempionluğunu, həm də kuboku komandasına qazandırdı. Mazzola İtaliya futbolunun “ən kompakt futbolçusu" kimi tarixə keçdi. Oyunqurucu, komandanın kapitanı, bombardir, lider, assist kralı və möhtəşəm zərbələri ilə bir çox xüsusiyyətə malik idi. 

“Torino” 1947–48 mövsümündə Seriya A-nın bütün rekordlarını qırırdı. Liqanın bitməsinə 5 həftə qalmış ən yaxın rəqibini 16 xal fərqlə qabaqlayıb çempionluğunu elan edəndə 40 oyunda 65 xal yığmış, rəqib qapılarına 125 qol vurmuş və 21 oyun məğlub olmamışdı…



“YUVENTUS”DAN AYRILANLAR

Şəhərdə “Torino” xalqın komandası olaraq təsvir edilərkən, “Yuventus” daha çox aristokrat komandası kimi tanınır. Buna görə, şəhər xalqının qəlbində “Torino”nun ayrı bir yeri var idi. “Birreria Voigt” adlı kafedə yaradılmasına qərar verilən “Torino”nu “Yuventus”da özünə “rahatlıq tapa bilməyənlər” qurdu. Yeni yaranmış “Torino”nun heyətinə qatdığı ilk adlar “Yuventus”lu oyunçular idi. 1912-ci ildə komandanın başına gətirilən Vittorio Pozzo, 10 il komandada çalışdı. 1914-15 mövsümünün bitməsinə 1 həftə qalmış Birinci Dünya Müharibəsi səbəbi ilə liqalar ləğv edilməsəydi, “Torino” çempion olacaqdı.

1949-cu ildəki təyyarə qəzasından sonra “Torino” heç vaxt əvvəlki gücünə qayıda bilmədi. Adi bir komanda halını alan “Torino”, 1958–59 mövsümündə ilk dəfə Seriya B’yə düşdü. 1960-cı ildə yenidən A Seriyasına yüksələn “Torino” daima orta sıralarda mübarizə apardı. Uzun illər sonra 1975–76 mövsümündə çempionluq yaşayan “Torino”, o illərdən sonra da yenidən səssizliyə büründü. Ümumilikdə, 7 çempionluğu olan “Torino”, 1992-də hər kəsi təəccübləndirərək UEFA Kubokunda finala qədər yüksəldi. Ancaq “Ayaks”a məğlub olan komanda 2-ci oldu. 

“Torino” azarkeşləri, əfsanə klubu xatırlamaq üçün hələ də o komandaya “Böyük Torino” deyirlər...

0