Təxminən 170 illik tarixi olan futbol hər zaman böyük kütlələr tərəfindən maraqla izlənən bir idman növü olmağı bacarıb. Hətta dünyanın əksər yerlərində futbol idmanın bir qolundan daha üstün tutulur. Avropada yaranan, Cənubi Amerikada şöhrət qazanan futbolun tarixi səhifələrində bir çox maraqlı hekayələr, hadisələr və tarixi rəqabətlər yer alır.
İngiltərədə yaranan futbol zamanla püxtələşərək bir sıra yeni terminlərlə zənginləşdirilmişdir. Həmin terminlərdən biri də “derbi”dir. Derbi İngiltərədə eyni şəhərin klublarının arasındakı rəqabəti ifadə edən sözdür. Bu sözün mənası zamanla genişləndirilərək yalnız eyni şəhərin deyil, regionun və ya ölkənin klubları arasındakı tarixi rəqabəti də istifadə etmək üçün istifadə edilməyə başlandı.
Bunlardan biri də İtaliyanın məşhur Milan derbisidir. Şəhərin “Milan” və “İnter” komandaları arasındakı rəqabət 1 əsrdən uzun müddətdir ki, davam edir. Bu iki klubun iştirakı ilə baş tutan qarşılaşma “Derby della Madonnina” adlanır. Həmin ad isə Milan katedralının ortasında yer alan Məryəm ana (italyanca Madonnina) heykəlindən gəlir.
1899-cu ildə futbol və kriket klubu olaraq yaradılan “Milan” daha çox milliyətçi siyasətə önəm verirdi. “Rossenyerilər” heyətinə yalnız italiyalı futbolçuları cəlb edir, fərqli ölkələrin və irqlərin nümayəndələri ilə anlaşmırdı.
Buna etiraz olaraq 1908-ci ildə “İnternazionale” (qısaca “İnter”) yaradıldı. Adından da göründüyü kimi, klub beynəlxalq siyasətə yönəldi. Heyətinə qısa müddətdə bir neçə ölkədən fərqli millətlərdən futbolçular cəlb etdi.
O zamanlar “İnter” şəhər burjuaziyasının, “Milan” isə fəhlə sinifinin klubu hesab olunurdu. Soylu ailədən gələn şəxslər əsasən “İnter”ə, kasıb ailələrin fərdləri isə “Milan”a azarkeşlik edirdi.
Bu klubların nəinki şəhəri, hətta stadionu da eynidir. “Milan”ın ev sahibliyi etdiyi günlər “San Siro”, “İnter”in meydana çıxdığı günlər isə “Cüzeppe Meatsa” adlanan stadion Milanın qəlbində yerləşir. Tribunaların Şimal tərəfi (Curva Nord) “mavi-qaralar”a, Cənub tərəfi (Curva Sud) isə “qırmızı-qaralar”a məxsusdur.
Bu iki klubun derbilərində bir sıra əfsanəvi futbolçular iştirak ediblər. “İnter”də Cüzeppe Meatsa, Xavyer Zanetti, Ronaldo Nazario kimi ulduzlar, “Milan”da isə Paolo Maldini, Franko Baresi və Andrey Şevçenko kimi adlar ön plana çıxıb. Maraqlıdır ki, Zlatan İbrahimoviç hər iki klubda oynayaraq derbilərdə fərqlənən oyunçulardan biridir.
“Derbi De La Madonnina” sadəcə futbol oyunu deyil, həm də mədəni hadisədir. Azarkeşlər stadiona xüsusi pankartlar, xareoqrafiyalar və şirin ironiyalar gətirərək rəqabəti rəngarəng edir. Təsvirli bannerlər və pankartlar vasitəsilə hər iki tərəf öz üstünlüyünü göstərməyə çalışır. Eyni zamanda, bu, şəhərin müxtəlifliyinə və birliyinə də işarə edir.
Ümumilikdə bu komandalar arasında 209 matç keçirilib. Bunların 79-da “Milan”, 91-də “İnter” sevinib. 69 görüşdə isə qalib müəyyənləşməyib.
Derbi tarixinin bombardiri Andrey Şevçenkodur. Onun aktivində 14 belə qol var.
Ən çox derbi matçı keçirən futbolçu isə Paolo Maldinidir. Sabiq müdafiəçi 56 derbidə iştirak edib.