Qadının Olimpiya Oyunlarındakı Yeri və Tarixi Mübarizəsi
01.08.2024 - 11:35
Qadının Olimpiya Oyunlarındakı Yeri və Tarixi Mübarizəsi

Qadınların Olimpiya Oyunlarına qatılması tarix boyu olduqca çalxantılı və çətin bir dövr keçib.

İlk modern Olimpiya Oyunları 1896-cı ildə təşkil edilib, lakin qadınlar bu tədbirdə iştirak haqqını 1900-cü ildə qazanıblar. Olimpiya Oyunlarının qurucusu baron Pyer de Kubertin deyirdi:

“Qadınlar tərləriylə Olimpiadaları kirlətməməli, sadəcə alqışları ilə kişiləri mükafatlandırmalı idi”.

Qadınların oyunlara daxil edilməsinin qarşısını “böyük xəta”, “estetikadan kənar” kimi ifadələrlə almağa çalışsalar da, onlar təşkilatlanıb öz hüquqlarını tələb edirdilər.

Hakim düşüncə isə bundan ibarət idi ki, əgər qadınlar məhdud enerjilərini fiziki fəaliyyətlə israf etsələr, uşaq böyütmək və ev işləri kimi əsas vəzifələrini yerinə yetirə bilməyəcəklər. Zərif cinsin nümayəndələri arasındakı yarışlara şiddətlə qarşı çıxır və bu yarışların onların “xanımlıq” xüsusiyyətlərini azaltmasından qorxurdular.

İki seçim var idi:

- Xanımlar kişilərin idmanına inteqrasiya olmalı idi;
- Öz dərnəklərini qurub özlərinin yarışlarını təşkil etməli idilər.

Bəziləri saçlarını qısaltdı və Olimpiya Oyunlarına kişi qılığında daxil olmağa başladı. Bəzi ölkələr isə qadınların idman yarışlarına qoşulmasını qadağan edən qanunlar qəbul etdi. 

1917-ci ildə fransız Alisa Milliatın rəhbərliyi ilə Fransa Qadın İdmanı Federasiyası quruldu. Eyni il “Femina Sport” fransız xanımların ilk milli atletika yarışlarını təşkil etdi. Milliat bütün qadınların bu yarışlarda iştirakını təmin etmək üçün 1921-ci ildə Beynəlxalq Qadın İdmanı Federasiyasını yaratdı.

1922-ci ildə 5 ölkədən olan idmançıların qatılması ilə ilk qadın Olimpiadası təşkil edildi. “Olimpiada” adı ilə təşkil olunan və uğurla icra edilən oyunlar Olimpiya Komitəsini narahat etdi. Komitə bununla bağlı tez-tez iclaslar keçirirdi.

Təşkilatçılar 1928-ci il Amsterdam Olimpiadasına dair verilən sözlər qarşılığında turnirin adından “olimpiya” sözünü çıxardı. “Dünya Qadın Oyunları” yoluna davam etdi.

De Kubertin qadınları 1924-cü ildə Parisdə bir daha atletika meydanından uzaq tutmağı bacarmış, lakin yolun sonuna gəlmişdi. Onun təqaüdə çıxmasından cəmi 1 il sonra qadınlar atletika yarışlarında təmsil olunmağa başladı. Bununla belə, əgər kişilər 22 nominasiya üzrə yarışırdısa, qadınlarda bu göstərici 5 idi.

Nəhayət, mübarizə nəticəsini verdi və Olimpiya Oyunlarında qadın yarışlarının təşkili təmin edildi.

1972-ci ildə keçirilən Münhen Olimpiya Oyunları qadınların kişilərlə bərabər şərtlər altında yarışdığı bir dövrün başlanğıcına işarə idi. Burada xanımlar daha çox idman sahəsində yarışmaqla yanaşı, Olimpiya Oyunlarında daha təsirli rol oynamağa başlamışdı. 
 

0