Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
05.10.2025 - 12:42
Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"

Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin III MDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib, Azərbaycandakı səmimi və isti qarşılanmanı isə xüsusilə vurğulayıb.

Apasport.az xəbər verir ki, bu il Svirin ölkəmizə artıq ikinci dəfədir səfər edir.

"Azərbaycana hər zaman məmnuniyyətlə gəlirik. Hazırlıq səviyyəsi göz önündədir — bu yarışlara böyük məsuliyyət və peşəkarlıqla yanaşmısınız. Müasir idman dünyasında hər bir beynəlxalq yarış gənc atletlər üçün əvəzolunmaz təcrübə, rəqabət imkanı və yeni tanışlıqlar deməkdir", – deyə Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin III MDB Oyunları çərçivəsində bildirib.

Avarçəkmə yarışlarının keçiriləcəyi idman qurğularının vəziyyəti ilə bağlı danışan Svirin, Mingəçevirdəki şəraitin yüksək beynəlxalq standartlara tam cavab verdiyini vurğulayıb. O, təşkilat komitəsinin və hakim heyətinin üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib.

Rusiya medal sıralamasında lider mövqedədir və Aleksey Svirinin sözlərinə görə, bu uğurun əsas səbəbi güclü təşkilati modeldir. O, Rusiyanın Gənclər və İdman Nazirliyi ilə Olimpiya Komitəsinin uşaq və gənclər idmanına göstərdiyi davamlı diqqət və dəstəyi xüsusi vurğulayıb.

“Məşqçi heyətimiz uzun illərin təcrübəsinə əsaslanaraq Rusiya və Sovet idman məktəblərinin ənənələrini davam etdirir. Bu səbəbdən komandamızın medal cədvəlində birinci pillədə qərarlaşmasını görmək xoşdur”, – deyə o qeyd edib.

Avarçəkmədə əsas rəqiblərdən danışarkən, Svirin Belarus, Azərbaycan və Özbəkistan komandalarını xüsusi qeyd edib və məhz güclü rəqabətin sağlam idman mühiti yaratdığını vurğulayıb.

Müsahibəsinin sonunda Aleksey Svirin bütün idmançılara sağlamlıq, inam və idman uğurları, azarkeşlərə isə parlaq emosiyalar və yarışlara fəal dəstək arzulayıb.

“Atletlərə qələbə arzu edirəm. Əgər kimsə podiuma qalxa bilməzsə belə, bu, yolun sonu deyil. Əsas odur ki, hər bir nəticəni düzgün təhlil edib, irəliyə doğru addımlasınlar. Ən vacibi – ruhdan düşməmək və qalib gələndə də təvazökarlığı qorumaqdır. Və əlbəttə, burada – bu startlar zamanı yaranan dostluqları gələcək illərdə də qoruyub saxlamaq lazımdır”, – deyə Svirin sözlərini yekunlaşdırıb.