“Sumqayıt”ın rekordu, Sabirabadın uğuru: Danışır rəqəmlər
30.10.2026 - 10:27
“Sumqayıt”ın rekordu, Sabirabadın uğuru: Danışır rəqəmlər

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başa çatdı. Sayca 35-ci ölkə kuboku ardıcıl 4 mövsümdür yeni formatda keçirilir.

Apasport.az xəbər verir ki, bu mərhələdə 12 matç baş tutub. Görüşlərdən sonra bir sıra maraqlı məqamlar qeydə alınıb.

“Marafon”dan ilk

Azərbaycan Kubokunun II təsnifat mərhələsində əsas sensasiya Sabirabadda yaşanıb. “Marafon” “Zaqatala”nı minimalhesabla məğlub edərək mübarizədən kənarlaşdırıb.

İndiki formatda keçirilən dövrdə ilk dəfə II Liqa klubu I Liqa təmsilçisini dayandırmağı bacarıb. Bunadək heç bir II Liqa komandası 1/8 finala yüksəlməyə nail olmayıb.

Sabirabadın ikincisi

“Marafon” həm də ölkə kubokunda iki mərhələ keçən ikinci Sabirabad klubu kimi tarixə düşüb. Daha öncə bu uğura “İnşaatçı” imza atıb.

Maraqlıdır ki, 1993-cü ildə “Çıraqqala”nı məğlub edən komanda ardıcıl olaraq “Şirvan”, “Xəzər” və Bakı “İnşaatçı”sını mübarizədən kənarlaşdıraraq finala yüksəlməyi bacarıb. Həlledici matçda “Qarabağ”a uduzan “İnşaatçı” ikinci olub.

Sözügedən komanda 1993/94 mövsümündə yarışı erkən tərk edib. Daha sonra Sabirabadı yarışda “Suqovuşan” və “Muğan” təmsil etsə də, hər ikisi də mərhələ keçməyə nail olmayıblar.

“Sumqayıt”dan 45-ci oyun, 60-cı qol

Turnirin bu mərhələsi “Sumqayıt” üçün də əlamətdar olub. “Kür-Araz”la qarşılaşma (11:0) komandanın Azərbaycan Kubokunda 45-ci matçı kimi tarixə düşüb. “Gənclik şəhəri” təmsilçisi 20 oyunu evdə, 25 görüşü isə səfərdə keçirib.

“Bənövşəyilər”in 6-cı qolu yubiley xarakteri daşıyıb. Nihad Əhmədzadənin dublunu rəsmiləşdirdiyi top “Sumqayıt”ın müvafiq yarışda 60-cı qolu olub.

“Kimyaçılar”dan mütləq rekord

Böyükhesablı qələbə qazanan komanda mütləq rekorda imza atıb. Bu, Azərbaycan Kuboku tarixində səfərdə əldə olunan ən böyükhesablı qalibiyyət olub. İndiyədək heç bir komanda səfərdə 11 top fərqi ilə üstün olmayıb.

Bunadək rekord “Simurq”a məxsus idi. Zaqatala təmsilçisi Quba “Spartak”ını 8:0 hesabı ilə üstələməyi bacarıb.

Ölkə kubokunda 6-cı göstərici

“Kür-Araz”ın qapısından 11 cavabsız top keçirən “Sumqayıt” Azərbaycan Kubokunda 6-cı ən böyükhesablı qələbəyə şərik çıxıb.

Mütləq rekord “Şəfa”ya məxsusdur. Bakı təmsilçisi iki dəfə 14:0 hesablı qalibiyyətə sevinib. 

MOİK 70-ə, “Səbail” 30-a çatdı

Binə qəsəbə stadionunda “Şahdağ Qusar”ı qəbul edən MOİK 70-ci matçını keçirib. Komanda ölkə kubokunda evdə 39, səfərdə 31 oyuna çıxıb.

Daha bir yubiley isə “Bank Respublika Arena”da qeydə alınıb. “Zirə” ilə qarşılaşma “Səbail” üçün 30-cü görüş olub. Quba təmsilçisi evdə 13, səfərdə 17 matç keçirib.

5-ci seriyada 3-cü dəfə

“Səbail” – “Zirə” matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Azərbaycan Kuboku tarixində 5-ci dəfə iki fərqli liqa təmsilçilərinin duelində qalib penaltilər seriyasında bəlli olub. 

Burada daha dəqiq olan Bakı klubu növbəti mərhələyə yüksəlib. Daha öncə baş tutan 4 belə qarşılaşmanın 2-də Premyer Liqa, 2-də isə aşağı liqa təmsilçiləri sevinib.

1993/94 mövsümündə “Turan” “OİK Göyəzən”lə bacarmayıb. 2010/11 mövsümündə isə “Abşeron” “Simurq”u mübarizədən kənarlaşdırıb.